Azərbaycan boksçuları İtaliyada Avropa birinciliyində iştirak edəcək

Azərbaycan boksçuları İtaliyada Avropa birinciliyində iştirak edəcək
# 23 sentyabr 2022 10:24 (UTC +04:00)

Sentyabrın 27-də İtaliyanın Montesilvano şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Oğlanlardan ibarət yığmamız birincilikdə baş məşqçi Vaqif Kazımov və məşqçi Ağası Məmmədovun rəhbərliyi altında 7 idmançı ilə təmsil olunacaq. Məşqçilər korpusu Montesilvanoda Faiq Mollayev (46 kq), Bilalhabasi Nəzərov (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənova (66 kq) şans verəcək.

Qızlardan ibarət milli komanda isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında qatılacaq. Yarışda ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) qoruyacaqlar.

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında həmyerlimiz Anar Babanlı da yer alacaq.

Bu gün səfərə yollanan boksçularımız oktyabrın 7-də Vətənə qayıdacaqlar. Komandamızın heyətində Ağası Məmmədov, İbrahim Zeynalov, Emili Rzayeva, Nərmin Əlizadə və Anar Babanlı isə İtaliyaya sentyabrın 25-də gedəcəklər.

Qeyd edək ki, yarışın püşkü sentyabrın 26-da atılacaq. Final döyüşləri oktyabrın 4-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR