Azərbaycan cüdoçusu Qran-pridə finala yüksəlib

Azərbaycan cüdoçusu Qran-pridə finala yüksəlib
# 28 yanvar 2022 17:47 (UTC +04:00)

Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-Pri turnirinə start verilib.

Apasport.az saytının məlumatına görə, heyətində koronavirusa yoluxanlar olduğundan yarışa kiçik heyətlə qatılmaq məcburiyyətində qalan Azərbaycan millisinin iki cüdoçusu tatami üzərinə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçilərimizin nəticələri fərqli olub. Balabəy Ağayev finala qədər irəliləyibsə, Rövşən Ağayev turnirlə erkən vidalaşıb.

Balabəy Ağayev yarışa uğurlu başlayıb. Öncə Bahrom Boturovu (Özbəkistan) mübarizədən kənarlaşdıran təmsilçimiz isveçrəli Lionel Şvandev və monqolustanlı Tsoqt-Oçir Byambayav üzərində qələbələrlə yarımfinala yüksəlib.

Finalın bir addımlığında yaponiyalı Taiki Nakamuraya qalib gələn Ağayev həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Bu çəkidə çıxış edən Rövşan Ağayev ilk mərhələdə Allan Kuvabaranı (Braziliya) məğlubiyyətə uğradıb. Ardınca monqolustanlı Sumiyabazar Enxtavana uduzan Rövşən erkən yarışla vidalaşıb.

Qeyd edək ki, Almadadakı yarışa 13 cüdoçumuz sifariş olunsa da, koronavirusa yoluxmalar və texniki problemlər üzündən onlardan yalnız 5-i turnirə qatılacaq. Yanvarın 30-da başa çatacaq turnirdə Adil Kərimli (100 kq), Uşanqi Kokauri və İmran Yusifov (hər ikisi +100 kq) da tatamiyə çıxacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR