Azərbaycan millisinin baş məşqçisi: “Yeganə mənfi məqam Olimpiadaya lisenziya qazanılmamasıdır”

Azərbaycan millisinin baş məşqçisi: “Yeganə mənfi məqam Olimpiadaya lisenziya qazanılmamasıdır”
  • Clock-gray 11:42
  • calendar-gray 23 Oktyabr 2019

“1993-94-cü illərdə Türkiyə yığmasında köməkçi-məşqçi kimi işləmişəm. Ancaq Rusiya xaricində ilk dəfə baş məşqçi kimi çalışıram”. 

APA-nın məlumatına görə, bunu oktyabrın 11-də yunan-Roma güləşi üzrə Azərbaycan millisində baş məşqçi təyin edilən Aleksandr Tarakanov deyib.

Sıx məşq qrafikiylə hazırlıq keçən təcrübəli mütəxəssis Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib. Rusiyalı çalışdırıcı yeni komandasıyla bağlı ilk təəssüratlarını bölüşməklə yanaşı, hazırlıq planı haqqında məlumat verib: “Azərbaycan yığması yaxşı komandadır. Burada güləşçilərin fərqli texniki bacarıqları var. Hələ SSRİ dönəmində yetişmiş güclü yunan-Roma güləşçilərin davamçılarını görməkdəyik. Onlar öz bacarıqlarını yeni nəslə ötürüb. Yeganə mənfi məqam Olimpiadaya lisenziya qazanılmamasıdır. Halbuki millidə güclü güləşçilər var və mənə elə gəlir ki, biz bu missiyanın öhdəsindən gələcəyik”.

O bildirib ki, güləşçilərin fiziki hazırlığı qaydasında olsa da, xalça üzərində məşqlərə daha çox ehtiyac var: “Bəlkə məhz xalça üzərində məşqlər yetərincə olmadığı üçün dünya çempionatında nəticə ürəkaçan olmayıb. Ancaq güləşçilərin təcrübəsinə söz ola bilməz. Həftəlik məşqlərə gəlincə, çərşənbə və şənbə günləri 1 məşqimiz olur. Qalan günlər 2, bəzən isə 3 hazırlıq prosesi baş tutur. İndi yüklənmə dövrünü keçirik. Azərbaycan çempionatından sonra Minskdə təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Rusiyanın baş məşqçisi ilə də birgə hazırlıqla bağlı danışıqlar aparırıq. Ustalıq səviyyəsini artırmaq üçün belə toplanışlara ehtiyac var. Dekabrda keçiriləcək Azərbaycan çempionatında bütün yığma üzvlərinin iştirakı nəzərdə tutulub. Çünki bu yarışın nəticələrinə əsasən millinin heyəti yenidən formalaşdırılacaq. Daha sonra isə Avropa çempionatı və bizim üçün daha böyük önəm kəsb edən lisenziya turnirlərinə hazırlığa başlayacağıq. Uşaqlar məşqlərdə belə həvəslə işləməyə davam etsə, lisenziyaları qazanacaqlar. Bizdə xüsusən 60, 67, 87 və 130 kq-da rəqabət güclüdür və yaxşı perspektiv var".

Qeyd edək ki, A. Tarakanov millidə türkiyəli Şaban Donatı əvəzləyib. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date