Azərbaycan taekvondoçusu reytinq siyahısında ikinci yerə yüksəlib

Azərbaycan taekvondoçusu reytinq siyahısında ikinci yerə yüksəlib
# 04 iyun 2019 10:42 (UTC +04:00)

Beynəlxalq Taekvondo Federasiyası iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

ONA-nın məlumatına görə, yeni siyahıda Azərbaycan taekvondoçuları irəliləyiblər.

Belə ki, Böyük Britaniyanın Mançester şəhərində keçirilmiş dünya çempionatında qızıl medal qazanan Milad Beiqi Harçeqani 80 kq çəki dərəcəsində ikinci yerə yüksəlib. Aktivindəki xallarını 472,11-ə çatdıran ikiqat dünya çempionumuz yalnız rusiyalı Maksim Xramtsovdan (503,30 xal) geri qalır.

Mançesterdə bürünc medal qazanan Fəridə Əzizova (67 kq) da iki rəqibini qabaqlayıb. Təmsilçimiz 17-ci yerə yüksəlməklə, xal ehtiyatını da 183,03-ə çatdırıb.

Olimpiya çəkiləri üzrə açıqlanan siyahıda mundialda medalın bir addımlığında büdrəyən Cavad Ağayev də irəliləyib. 68 kq çəki dərəcəsində 9 rəqibini qabaqlayan taekvondoçumuz 17-ci yerə qalxıb. O, 162,48 reytinq xalına malikdir.

Olimpiya çempionumuz Radik İsayev (+80 kq) 292,55 xalla 4-cü pillədə, Rio-2016-nın bürünc medalçısı Patimat Abakarova (49 kq) isə 151,90 xalla 22-ci pillədəki yerini qoruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR