Azərbaycanın güləşçisi dünya çempionatında finala yüksəlib - YENİLƏMƏ

Azərbaycanın güləşçisi dünya çempionatında finala yüksəlib - YENİLƏMƏ
  • Clock-gray 17:23
  • calendar-gray 14 Sentyabr 2019

Azərbaycanın 2 yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına yarımfinal görüşünə çıxıb.

APA-nın məlumatına görə, milli üzvlərindən Rafiq Hüseynov finala yüksəldiyi halda, Eldəniz Əzizli məğlubiyyətə üzülüb. 

Son dünya çempionu olan E. Əzizli 1/2 finalda Xorlan Jokanşa (Qazaxıstan) ilə gücünü yoxlayıb. Görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb. Finalın bir addımlığında büdrəyərək (5:11), titulunu təhvil verən təmsilçimiz mübarizəni bürünc medal uğrunda aparacaq. 

E. Əzizlidən fərqli, Rafiq Hüseynov bu dəfə də xalçadan qalib ayrılıb. 82 kq çəkidə qüvvəsini sınayan həmyerlimiz finala vəsiqə üçün iranlı Səid Abdvali ilə münasibətinə aydınlıq gətirib. O, 4:5 hesabı ilə geridə olmasına baxmayaraq, 8:5 hesablı qələbəyə sevinib. Pəhləvanımız finalda gürcüstanlı Laşa Qobadze ilə qüvvəsini sınayacaq. 

Elman Muxtarovun (63 kq) isə ilk döyüşdə uduzduğu ermənistanlı Slavik Qalstyan finala yüksələ bilmədiyindən yığma üzvü yarışla vidalaşıb. Sənan Süleymanov (72 kq) da eyni aqibəti yaşayıb. Onun da məğlub olduğu macarıstanlı Balint Korpaşi yarımfinal səddini keçə bilməyib. 

Mükafatlar uğrunda mübarizə sabah olacaq. 

Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq. 

***

Saat. 11:44

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatına start verilib.

APA-nın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə qeyri-olimpiya çəkiləri olan 55, 63, 72 və 82 kq-da çıxış edən idmançılar mübarizəyə qoşulublar.

Azərbaycan yığmasının heyətində Eldəniz Əzizli və Rafiq Hüseynov keçirdikləri görüşləri qələbə ilə başa vuraraq, yarımfinalda iştirak hüququ qazanıblar. 

Belə ki, milli üzvlərindən Sənan Süleymanov (72 kq) təsnifat mərhələsində Dominik Etlingerlə üz-üzə gəlib. O, rəqibini 2:0 hesabı ilə məğlub edib. Güləşçi 1/8 finalda gürcüstanlı Yuri Lomadzeni sınağa çəkib. S. Süleymanov qarşılaşmanın gedişində 3:5 hesabı ilə geri düşsə də, yekunda bu dueldən də qalib ayrılıb - 11:5. Milli üzvü 1/4 finalda macarıstanlı Balint Korpaşi ilə üz-üzə gəlib və 0:6 hesabı ilə məğlub olub. 

Rafiq Hüseynovun (82 kq) da debütü uğurlu alınıb. Mihail Braduya (Moldova) 6:0 hesabı ilə qalib gələn pəhləvan 1/8 finalda Yuri Şkryuba (Ukrayna) ilə qüvvəsini sınayıb. Təmsilçimiz bu dəfə də rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 7:0. 1/4 finalda qazaxıstanlı Marat Yerejepovla güləşib. R. Hüseynov qarşılaşmada vaxtından əvvəl qalib elan olunub. Bu, 1:7 hesabı ilə uduzan rəqibin zədələnərək, döyüşü davam etdirə bilməməsi səbəbindən baş verib. Qələbə təmsilçimizi yarımfinala daşıyıb. O, finala vəsiqə üçün iranlı Səid Abdvali ilə münasibətinıə aydınlıq gətirəcək.

55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli ilk döyüşünü hindistanlı Manjet Manjetə qarşı keçirib. 1/8 final çərçivəsində baş tutan qarşılaşma güləşçimizin asan qələbəsi ilə yekunlaşıb - 8:0. Dünya çempionumuz monqolustanlı Davaabandi Munx Erdeni də məğlub etməkdə çətinlik çəkməyib (9:0) və adını yarımfinala yazdırıb. O, final üçün Korlan Jokanşa (Qazaxıstan) ilə gücünü yoxlayacaq.

Elman Muxtarovun (63 kq) da ilk döyüşü 1/8 finala təsadüf edib. Ermənistanlı Slavik Qalstyanla güləşən idmançı 7:3 hesabı ilə öndə olsa da, yekunda 7:16 hesabı ilə uduzub. 

Qeyd edək ki, mundial sentyabrın 22-də başa çatacaq. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date