Azərbaycanlı Avropa çempionu Qoridə erməniyə qalib gəlib birinci olub, milli 10 medal qazanıb

Azərbaycanlı Avropa çempionu Qoridə erməniyə qalib gəlib birinci olub, milli 10 medal qazanıb
# 20 iyun 2022 10:09 (UTC +04:00)

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yarışa 14 idmançı ilə qatılan Azərbaycan yığması 10 medal qazanıb.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi komandanın 7 üzvü finalda qüvvəsini sınayıb. Boksçularımızdan 5-i həlledici görüşü qələbə ilə başa vurub.

48 kq çəki dərəcəsində mübarizə aparan Kənan Babayev finalda ermənistanlı Ovane Arutunyanla üz-üzə gəlib. Avropa çempionumuz rəqibinə heç bir şans verməyərək qızıl medala yiyələnib.

Qoridə 51 kq çəkidə Azərbaycan finalı da baş tutub. Avropa birinciliyinin bürünc medalçısı Amin Məmmədzadə Tural Sarıyevlə qarşılaşıb. Döyüş Məmmədzadənin qələbəsi ilə başa çatıb. Sarıyev turniri gümüş medalla bitirib.

Kənan Babayevin qardaşı Kamil Babayev (54 kq) də yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz finalda qazaxıstanlı Aslan Aslanovu məğlub edib.

Tacı Tağızadə (60 kq) də çempionluq üçün Qazaxıstan təmsilçisi ilə gücünü yoxlayıb. Tolebek Saxiyev üzərində inamlı qələbə qazanan idmançı komandamızın aktivinə daha bir qızıl medal əlavə edib.

Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadənin (+92 kq) həlledici görüşdəki rəqibi isə gürcüstanlı Sandro Çerçvadze olub. Həmyerlimiz yerli publika önündə döyüşü xeyrinə bitirərək Qoridə 5-ci dəfə Azərbaycan himnini səsləndirib.

Yığmanın digər üzvü Rza Rzazadə (75 kq) isə finalda ukraynalı Aleksandr Balabinə uduzaraq, 2-ci yeri tutub.

Komandamızın heyətində Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) yarışı 3-cü yerdə bitiriblər.

Beləliklə, Azərbaycan millisi turniri 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu nəticə ilə Azərbaycan komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, yarışda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR