Hacı Əliyev və Mahir Əmiraslanov bürünc medal üçün güləşəcəklər - YENİLƏMƏ

Hacı Əliyev və Mahir Əmiraslanov bürünc medal üçün güləşəcəklər - YENİLƏMƏ
  • Clock-gray 15:47
  • calendar-gray 19 Sentyabr 2019

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan millisinin 2 güləşçisi təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib. 

APA-nın məlumatına görə, Olimpiya çəki dərəcələrində Mahir Əmiraslanovla (57 kq) Hacı Əliyev (65 kq) bürünc medal və lisenziya uğrunda mübarizəni davam etdirəcəklər. 

Buna səbəb Mahir Əmiraslanovun (57 kq) uduzduğu rusiyalı Zaur Uquyevin və Hacı Əliyevin (65 kq) məğlub olduğu onun həmyerlisi Hacımurad Rəşidovun finala vəsiqə yüksəlməsidir. Avropa Oyunlarının qalibi Bexbayar Erdenebatla (Monqolustan), üçqat dünya çempionu isə Əmr Ramazan Hüseynlə (Misir) qarşılaşacaq. Görüşlər sentyabrın 20-də olacaq.

Elmira Qəmbərovaya (62 kq) qalib gələn Krişta İnçenin (Rumıniya) özü də növbəti mərhələdə qələbə qazana bilmədiyi üçün təmsilçimiz yarışla vidalaşıb. İrina Netrebanın (68 kq) rəqibi almaniyalı Anna Şell də yarımfinal səddini keçə bilməyib. Bu isə güləşçimizin mübarizəni dayandırması ilə nəticələnib. 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Komandamızın heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Mariya Stadnik (50 kq) mundialda həm çempion olub, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Elis Manolova (65 kq) isə bu gün bürünc medal üçün bolqarıstanlı Yuliana Yaneva ilə güləşəcək. 

***

Saat. 12:49

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start verilib. Təəssüf ki, hər dörd çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçiləri məğlubiyyətə üzülüblər. 

Milli üzvlərindən İrina Netreba (68 kq) ilk görüşdə Yuvette Zie (Burkino Faso) ilə üz-üzə gəlib və 6:4 hesabı ilə qələbə qazanıb. 1/8 final almaniyalı Anna Şelli sınağa çəkən idmançı "tuşe" ilə uduzub. 

Mahir Əmiraslanov (57 kq) təsnifat mərhələsində çətinliklə də olsa, qırğızıstanlı Ulukbek Joldoşbekova qalib gəlib – 5:4. Onun rusiyalı dünya çempionu Zaur Uquyevlə görüş dramatik keçib. Həmyerlimiz hesabda 3:0 öndə olsa da, üstünlüyü əldən verərək 3:4 hesabı ilə uduzub.

Hacı Əliyev (65 kq) startda 2 il əvvəl dünya çempionatının finalında məğlub etdiyi rusiyalı Hacımurad Rəşidovla qarşılaşıb. Görüşün sonları qalmaqallı keçib və hakimlər rəqibi qalib elan ediblər – 4:2.

1/16 finalda yarışa qoşulan Elmira Qəmbərova (62 kq) isə Krişta İnçeyə (Rumıniya) 2:3 hesabı ilə məğlub olub. 

Bu çəki dərəcələrinin hər birində ilk "altılıq"da yer alacaq güləşçilər Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olacaq. 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Komandamızın heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Mariya Stadnik (50 kq) mundialda həm çempion olub, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Bu gün Elis Manolova (65 kq) isə bürünc medal üçün bolqarıstanlı Yuliana Yaneva ilə güləşəcək. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date