Dünya Taekvondosunun prezidenti: Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir - FOTOLENT

Dünya Taekvondosunun prezidenti: Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir - FOTOLENT
# 27 may 2023 14:51 (UTC +04:00)

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı öncəsi mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, mundialın baş tutacağı Bakı Kristal Zalında təşkil olunan tədbirdə Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, texniki nümayəndə Kim Sonqçul, Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov, yığma komandanın üzvləri Əliəskər Əliyev (80 kq) və Fəridə Əzizova (67 kq) iştirak ediblər.

WT rəhbəri bildirib ki, Azərbaycanda yenidən olmaq çox xoşdur: “Taekvondo ailəsinin üzvləri bilir ki, bura bizim üçün mötəbər yerdir. Azərbaycan 2006-cı ildən çox mötəbər yarışlara ev sahibliyi edir. Tədricən Bakı, Azərbaycan hamımız üçün doğma şəhərə çevrilib. Dünya çempionatı 50 illik yubileyimizə təsadüf edir. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Sabah Azərbaycanda Müstəqillik Günü olacaq. Tarixi günlərdir, amma bizim yaşımız sizin müstəqillikdən azdır”.

Çu bildirib ki, əsas fəaliyyətləri sülhə də töhfələrini verməkdir: “Qaçqınlar üçün də bunu edirik. Tokio Olimpiadasında belə iştirakçılar vardı. Bakıda 14-ə yaxın qaçqın idmançı dünya çempionatında qüvvəsini sınayacaq. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da arzusu ondan ibarətdir ki, qaçqın idmançılara da lazımı şəraiti yaradaq. Bu il də şüarımız ürəyimizdə taekvondo olsa da, düşüncəmizdə sülhdür”.

WT prezidenti Azərbaycanda taekvondonun inkişafı hər şəraitin yaradıldığını xüsusi vurğulayıb: “Bakıya ilk dəfə 2004-cü ildə gəlmişəm. Sonra da bir neçə dəfə burda olduğumdan deyə bilərəm ki, ölkədə hər şey sürətlə dəyişir, inkişaf edir. Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir. Burada olduğum müddətdə cənab Prezident İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm. Fəxrlə deyə bilərəm ki, ölkədə taekvondo inkişafına hərtərəfli dəstək göstərilir”.

O, yarışa hazırlığın yüksək səviyyədə olduğu üçün Azərbaycan Taekvondo Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkür edib.

Çunun sözlərinə görə, dünya çempionatında Rusiya və Belarus yarışa neytral bayraq altında çıxacaqlar: “Beynəlxalq Olimpiya Komitəsi onların çıxışına qadağa qoyub. İlin əvvəlində isə neytral bayraq altında mübarizə aparmasına və yarışlara qatılması üçün icazə verilib. Qadağa aradan qaldırıldıqdan sonra ilk dəfə taekvondo yarışlarına qatılacaqlar. Bakıda Rusiya yığması 14, Belarus 9 idmançı ilə təmsil olunacaq. Düşünürük ki, heç bir idmançı və taekvondoçu siyasi səbəblərdən kənarda qalmamalıdır. Ukraynaya dəstək ilk gündən göstərilir. Ötən il yarışlara da qatılmışdılar. Komanda Ukrayna və Polşada məşqlərini davam etdirirlər”.

Mariana Vasileva bildirib ki, Bakı belə bir mötəbər yarışa ev sahibliyi etməkdən qürur hissi duyur: “İnanıram ki, yarışda mübarizə aparacaq komandalar üçün çox maraqlı olacaq. Azərbaycan üçün Dünya Taekvondosunun 50 illik yubileyini keçirmək böyük şərəfdir. Yarışın Təşkilat Komitəsi böyük işlər görüb. Əminəm ki, bunun nəticəsi olaraq çox maraqlı yarışın şahidi olacağıq”.

WT-nin baş katibi yarışın hazırlığını və məkanını möhtəşəm adlandırıb: “2001-ci ildə Niyaməddin Paşayev Azərbaycanda ilk dünya çempionluğunu qazandırıb. Fikrimcə, bu ölkədə idmanın bu növünün inkişafına öz töhfəsini verib. Azərbaycan böyük yarışlar keçirmək üçün ən uyğun ölkələrdən biridir”.

Nağı Səfərov ölkəmizdə idmana və taekvondoya göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Onun sözlərinə görə, dövlət qayğısı olmadan bu yarışın təşkili mümkün olmazdı: “Yarış ölkəmizdə ümummilli lider Heydər Əliyevin 100 və Dünya Taekvondosunun 50 illiyinə təsadüf edir. Sabah Müstəqillik Günümüzdür. Onun üçün bunlar bizim üçün böyük əhəmiyyət kəsb edir. Yarışda əsas hədəfimiz yüksək səviyyədə mübarizə aparmaqdır”.

WT-nin texniki nümayəndəsi gərgin zəhmətin nəticəsində gözəl yarışın şahidi olacaqlarına inam ifadə edib. O bildirib ki, ədalət və dürüstlük üçün döyüşləri idarə edəcək hakimləri dəqiqliklə seçiblər: “Mundialda 70 hakim görüşləri idarə edəcək. Onlardan 58-i isə Paris-2024 Yay Olimpiya Oyunlarında olacaq”.

Millinin taekvondoçusu Fəridə Əzizova əsas hədəfinin qızıl medal olduğunu deyib. Dünya çempionatının bürünc mükafatçısının sözlərinə görə, çempion olmaqla doğma divarlar arasında xalqımıza sevinc yaşatmaq istəyir”.

Əliəskər Əliyev isə dünya çempionatının Bakıda keçirilməsini özü üçün motivasiya hesab edir. O bildirib ki, komanda kimi doğma publika önündə dayanq üzərinə 1:0 hesabı ilə öndə çıxacaqlar və medallarla onlara sevinc bəxş edəcəklər”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-da start götürüb, iyunun 4-də başa çatacaq. Mundialda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda qüvvəsini sınayacaq. “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq yarış Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Dünya çempionatında ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq ölkəmizə gələcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti də baş tutacaq. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR