Eldəniz Əzizli: "Fərid Mansurovun rekordunu təkrarlamaq istəyirdim"

Eldəniz Əzizli: "Fərid Mansurovun rekordunu təkrarlamaq istəyirdim"
  • Clock-gray 17:48
  • calendar-gray 15 Sentyabr 2019

"Zirvəyə qalxmaq çətin, orada qalmaq ondan da çətindir".

APA-nın məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib. 

55 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 3-cü yeri tutub. Bir gün əvvəl yarımfinalda məğlub olmaqla, dünya çempionu titulunu təhvil verən pəhləvan bürünc medal uğrunda amerikalı Maks Emilyano Nouriyə cəmi 39 saniyəyə qalib gəlib (8:0). 

E. Əzizli Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, mükafat qazansa da, ümidləri doğrultmayıb: "Bu gün yenə fəxri kürsüdə yer alacağam, Azərbaycan bayrağı dalğalanacaq. Buna görə sevinirəm. Ancaq etimadı tam doğrultmadığımı bilirəm. Çalışacağam ki, növbəti yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxım". 

O finala çıxa bilməməsində öz səhvinin həlledici olduğunu vurğulayıb: "Məşqçilər düzgün taktika vermişdilər. Nəyin necə olacağını demişdilər. Amma səhv etdim. Uduzulası rəqib deyildi".  

Qeyri-olimpiya çəkisində dünya üçüncüsü olan pəhləvan Tokio-2020 Yay Olimpiya Oyunları üçün lisenziya turnirlərdə iştirakının federasiya rəhbərliyindən asılı olduğunu deyib: "Federasiya rəsmiləri və baş məşqçi Şaban Donatın seçimi necə olacaqsa, onunla razılaşacağam. Əgər mənə etimad göstərib 60 kq-da sınamaq istəyərlərsə, özümü göstərməyə çalışacağam. Ən yaxşısını məşqçilər bilirlər. Dünya çempionatında da bunu sınamaq olardı. Amma özüm bunu istəmədim. Ardıcıl ikinci dəfə dünya çempionluğunu hədəfləyirdim. Yunan-Roma güləşində Azərbaycanda Fərid Mansurovdan başqa ikiqat dünya çempionu yoxdur. Onun rekordunu təkrarlamaq istəyirdim. Qismət belə alındı. Əgər bundan sonra 60 kq-da yoxlamaq istəsələr, buna tam hazırlaşacağam. Qarşıda lisenziya turnirləri var". 

O, çəkisini dəyişərək, Tokio-2020-yə yollanacağına inam ifadə edib: "Lisenziya idmançıya deyil, ölkəyə verilir. London Olimpiadasında da bunun şahidi olduq. Lisenziyaya Kamran Məmmədov yiyələnsə də, Oyunlara Həsən Əliyev yollandı. Yenə hər şey məşqçilərin seçimindən asılı olacaq. Layiq görəcəklərsə, güləşəcəyik". 

Qeyd edək ki, dünya çempionatında 60 kq-da Azərbaycan güləşçilərindən Taleh Məmmədov qüvvəsini sınayacaq. O, mübarizəyə sabah qoşulacaq.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date