FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar
# 31 avqust 2022 09:42 (UTC +04:00)

Avqustun 27-28-də Bakı İdman sarayının arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar arasında karate üzrə “Olimpiya ümidləri” beynəlxalq turniri keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, turnirdə 6 ölkədən (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Küveyt, Misir və Latviya) 1000-ə yaxın idmançı mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda 56 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvləri məşqçi-müəllimlər Coşqun Sadıqov, Xəyal Məmmədov və Murad Hacızadənin rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.

Qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaqlardan ibarət idmançıları 17 qızıl, 15 gümüş və 12 bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Azərbaycan Milli Karate Federasiyasının diplom və medalları təqdim olunub.

30 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-nin karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR