Hacı Əliyev: “Hər yarışa çempion olmaq üçün gedirəm”

Hacı Əliyev: “Hər yarışa çempion olmaq üçün gedirəm”
  • Clock-gray 13:13
  • calendar-gray 06 Sentyabr 2019

“Dünya çempionatına hazırlıq məqsədilə son təlim-məşq toplanışını keçiririk. Bu həftə məşqləri başa vuracağıq”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.

65 kq çəki dərəcəsində çıxış edən idmançımız sentyabrında 14-də başlayacaq dünya çempionatı ərəfəsində təşkil olunan açıq məşqə qatılıb. O, mundial haqda fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb: “Hədəfimiz dünya çempionatında uğurla çıxış etməkdir. Nur-Sultandakı çempionat Olimpiya Oyunlarına lisenziya verir. Düzdür, dünya çempionatında lisenziya almasaq da, qarşıda digər turnirlər olacaq. Mənə elə gəlir ki, Tokio-2020-yə vəsiqəni dünya çempionatında qazansaq, daha rahat olar. Çünki belə olanda Olimpiya Oyunlarına rahat şəkildə hazırlaşmaq mümkündür. Dünya çempionatına çox yaxşı hazırlaşmışıq. Bir neçə toplanış keçmişik. İl ərzində 2-3 dəfə Göygöldə hazırlıq keçmişik. Düşünürəm ki, komandamız yarışa hazırdır və yaxşı nəticə göstərəcək”.

Sərbəst güləş üzrə üçqat dünya çempionu olan H. Əliyev çıxış edəcəyi çəki dərəcəsindəki rəqabətin yüksək olmasından danışıb: “Dünya çempionatında ən güclü kateqoriya 65 kq çəki dərəcəsidir. Burada güclü rəqiblər çoxdur. Keçənilki dünya çempionu olan yaponiyalını qeyd etmək olar. Hindistan, Kuba, Rusiya, Gürcüstandan olan rəqiblərim də çox güclüdür. Mən də yetərincə hazırlaşmışam. Hər hansı bir zədəm yoxdur. Yarışa qədər də zədə olmasa, yaxşı çıxış edə bilərəm. Avropa Oyunlarından sonra məşqləri daha da artırdıq. Məşqlər göstərir ki, indi daha yaxşı formadayam. Amma bu çempionat tam fərqlidir. Avropa Oyunlarında güləşdiyimdən daha yaxşı çıxış edəcəyəm. Əslində, hər yarışa çempion olmaq üçün gedirəm. Çempion olanda lisenziya da qazanırsan. Bu yarışda mənim üçün əsas lisenziyadır. Son gücümə qədər çempion adı üçün mübarizə aparacağam”.
 

Tahir Hümmətov

Digər xəbərlər

Arxiv

date