Hidayət Heydərov: “Rüstəm Orucova məğlub olmaq problem deyil, gələn dəfə qələbə qazanacağam”

Hidayət Heydərov: “Rüstəm Orucova məğlub olmaq problem deyil, gələn dəfə qələbə qazanacağam”
# 28 avqust 2019 17:29 (UTC +04:00)

“Çox xoşbəxtəm. Bu, dünya çempionatında ikinci bürünc medalımdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü ötən il olduğu kimi, bu dəfə dünya çempionatını bürünc medalla başa vurub. O, Yaponiyanın paytaxtı Tokioda keçirilən mundialda üçüncü olmasının səbəbini açıqlayıb: “Yarımfinalda uduzduğum üçün çox kədərlənmişdim. Mən bürünc medal arzulamırdım. Lakin üçüncü yer uğrunda görüşün gedişində məşqçimin sözlərindən sonra uzun davam edən döyüşdə qızıl xalla qalib gəldim. Bunun üçün xoşbəxtəm”.

H. Heydərov yarımfinalda məğlub olduğu Rüstəm Orucovla qarşılaşmadan da danışıb. O bildirib ki, finala yüksələcəyinə inanırmış: “Ona həmişə qalib gəlmişəm. Düşünürdüm ki, Rüstəm Orucovu bu dəfə də məğlub edəcəyəm. Lakin döyüşdə son fəndim uğursuz alındı. Bu məğlubiyyət mənim üçün bu problem deyil və gələn dəfə qələbə qazanacağam”.

Yığma üzvünün sözlərinə görə, çempion tituluna yiyələnən yaponiyalı Şohei Ononu məğlub etmək əsas hədəfi olub: “Bütün görüşlərdə hücum taktikasını seçmişdim. İkinci qarşılaşmam çox güclü olan rusiyalı Musa Moquşkova qarşı idi. Ona qalib gəldikdən sonra düşünürdüm ki, finalda Ono üzərində də qələbə qazanacağam. Eybi yoxdur, bunu gələn dəfə edərəm”.

H. Heydərov kolleksiyasına tezliklə dünya çempionatının qızıl medalını əlavə edəcəyini də vurğulayıb.

Qeyd edək ki, cüdoçu mundialda macarıstanlı Friqis Sabo, rusiyalı Musa Moquşkov, böyük britaniyalı Erik Ham və tacikistanlı Behruzi Xocazodaya qalib gəlsə də, yarımfinalda R. Orucovla bacarmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR