Mikayıl Cabbarov: "Azərbaycan güləşinin uğurları üçün əlimdən gələni edəcəyəm"

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 08 dekabr 2021 18:03 (UTC +04:00)

Azərbaycan Güləş Federasiyasının hesabat-seçki konfransında prezident seçilən Mikayıl Cabbarov brifinq keçirib.

Bu gün Gənclər və İdman Nazirliyində baş tutan seçkilərdə qurumun başçısı seçilən iqtisadiyyat naziri apasport.az saytının əməkdaşının da qatıldığı brifinqdə fikirlərini bölüşüb.

O, Azərbaycan Güləş Federasiyasına prezident seçilməsi ilə bağlı təəssüratlarını bölüşüb: “İlk növbədə bu sahədə fəaliyyət göstərən həmkarlara göstərilən etimada görə, təşəkkür edirəm. Güləş ailəsinə üzv olmaqdan qürur hissi keçirirəm. Güləş bizim milli idman növümüzdür. Bu idman növündən Olimpiya və dünya çempionları çıxır. Bu da bizim üçün fəxrdir”.

- Mədət Quliyev idmançıların müvafiq yerlər tutması ilə bağlı vədlər verib. Güləş Federasiyasının belə bir plan varmı?

- Federasiya üzvləri, məşqçi heyəti və bu sahədə çalışan mütəxəssislərlə ilk istiqamətimiz güləş idman növünün davamlılığı və kütləviliyidir. Təbii ki, idman nailiyyətləri, milli komanda üzvlərimizin, idmançılarımızın uğurlarının davamı önəmlidir. Xüsusilə güləşə olan diqqət və qayğı göz qabağındadır. Hamımız bunun şahidiyik. Məsuliyyətlə çalışaraq, üzərimə düşən öhdəliyi dərk edərək mütəxəssislərlə birlikdə əl-ələ verib, Azərbaycan güləşinin uğurları üçün əlimdən gələni edəcəyəm.

- Güləş Azərbaycanın bir nömrəli idman növü sayılır. Sizdən əsas gözlənti üç ildən sonrakı Olimpiadada son iki yarışda qazanılmayan qızıl medalı qaytarmaqdır. Bu, nə dərəcədə çətin məsələdir və öhdəsindən gəlmək üçün daha nələr etmək lazımdır?

- Hər bir idman növünün əsas hədəfi bəllidir. Güləş cameəsinin bu nailiyyətləri gözləməyə haqqı da var. Bu baxımdan gözləntilərin doğrulması üçün lazımi addımlar atılmalıdır. O ki qaldı fəaliyyət planı və proqramına, qısa müddətdə İcraiyyə Komitəsinin heyəti formalaşacaq. Ardından güləşdə də müvafiq fəaliyyət planı qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR