Rövşən Rüstəmov: “Hədəf cüdonun ölkədə populyarlaşdırılmasıdır”

Rövşən Rüstəmov

© APA | Rövşən Rüstəmov

# 27 yanvar 2022 12:28 (UTC +04:00)

“Cüdo ilə bağlı həm qısamüddətli hədəflərimiz var”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Rövşən Rüstəmov deyib.

O, federasiyanın yeni rəhbərliyinin hədəflərini açıqlayıb: “Qarşıdan Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Hədəfimiz Olimpiadada keyfiyyətli hazırlıqlar hesabına yaxşı nəticələr göstərməkdir. Daha sonra digər - dünya və Avropa çempionatlarında iştirakdır. Bunlar qısamüddətli hədəflərdir. Uzunmüddətli perspektivdə ümumiyyətlə cüdonun ölkədə populyarlaşdırılmasıdır. Cüdo idman növünün vaxtilə olan ənənəsini özünə qaytarmaqdır. İnfrastrukturun qurulmasıdır. Regionlarda, elə Bakının özündə də cüdo zallarının keyfiyyəti və şəraitilə bağlı müəyyən suallar var. Bütövlükdə tam olaraq hakimlik sisteminin, məşqçilik sisteminin yenidən qurulması, bir sözlə sonda cüdonu daha populyar idman növünə gətirmək kimi hədəflərimiz də var”.

Vitse-prezident qadın cüdosu ilə bağlı problemə də toxunub: “Bu, qadın idmançılarla bağlı ölkəmizdə olan yəqin ki, ümumi çətinlikdir. Hamımızın bildiyi reallıqdır. Ailələr öz qız övladlarını idmana, o cümlədən cüdoya qoymağa həvəsli olmurlar. Düzdür, qadın cüdoçularımız var. Təbii ki, onların məşqlərinə, hazırlığına xüsusi fikir veririk. Amma potensial seçəcəyimiz idmançıların sayı çox deyil deyə, təbii ki, nəticələrimiz də yüksək deyil. Amma qarşıda planlarımız var. Qadın cüdosu da bunun tərkib hissəsidir”.

Qurum rəsmisi milliləşmə barədə də danışıb: “Məncə, bizim ölkənin kifayət qədər ciddi cüdo ənənələri var. Həm ölkə, həm federasiya olaraq işlər görülüb. Kifayət qədər yerli potensialımız var. Düşünürəm ki, əsas ağırlığı da yerli cüdoçulara, onların inkişafına vermək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR