Sahil Babayev Naxçıvanda boksun inkişafı üçün müzakirələr aparıb

Sahil Babayev Naxçıvanda boksun inkişafı üçün müzakirələr aparıb
# 17 mart 2023 10:07 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Naxçıvan Muxtar Respublikasının Boks Federasiyasında olub, Federasiyanın rəsmiləri, məşqçiləri və idmançılarla görüşüb.

ABF-dən apasport.az saytına verilən məlumata görə, Olimpiya İdman Kompleksində keçirilən görüşdə ölkəmizin boks idman növündə ötən il əldə etdiyi uğurlar, Azərbaycan boksçularının 2022-ci ildə beynəlxalq yarışlarda 30-u qızıl, 20-si gümüş olmaqla ümumilikdə 77 medal qazandığı, o cümlədən Avropa çempionatında 5-i qızıl olmaqla, 18 medal əldə etdiyi bildirilib.

Müxtəlif yaş qrupları üzrə milli komandalarımızın 15 yarışda 161 boksçu ilə təmsil olunduğu, onlardan 59-nun Avropa çempionatlarında, 102-nin beynəlxalq turnirlərdə iştirak etdiyi, boksçularımızdan 48 faizinin həmin yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırdığı diqqətə çatdırılıb.

ABF-in prezidenti Sahil Babayevə Naxçıvan MR Boks Federasiyasının fəaliyyəti, Naxçıvan boksçularının əldə etdiyi nailiyyətlər, həmçinin boksçuların təlim-məşqlərinin təşkili və s. üzrə görülən işlər barədə məruzə edilib.

Naxçıvan MR-da boks idman növü üzrə mövcud infrastrukturun, təlim-məşq zallarının vəziyyəti və təchizatı, idmançıların təlim məşqlərinin təşkili və məşqlərə davamiyyət, məşqçi-müəllim heyətinin fəaliyyəti, boksçuların digər bölgələrdə təşkil olunan yarış və təlim-məşq toplanışlarında müntəzəm iştirakına şərait yaradılması və s. ilə bağlı məsələlər müzakirə edilib.

Muxtar Respublikada boks idman növünün inkişafı və kütləviliyinə nail olunması, maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonda boksçulara idman geyimləri və hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR