Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”
# 07 oktyabr 2022 12:07 (UTC +04:00)

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.

Apasport.az saytının məlumatına görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli jurnalistlərə açıqlamasında yarışın yığma üçün uğurlu alındığını vurğulayıb. O bildirib ki, idmana göstərilən dövlət qayğısı boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Komandamız Avropa birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı. Millinin son 3 ildə ilk qızıl, 6 ildən sonra 5 medal əldə etdiyini nəzərə alsaq, bu, çox uğurlu nəticədir. Medal qazanmayan idmançılarımıza isə tövsiyə edirəm ki, üzərlərində çalışsınlar, məşqlərini intensivləşdirsinlər və növbəti yarışlarda Vətənə medallarla qayıtsınlar”.

ABF rəsmisi vurğulayıb ki, əsas hədəf bütün yarışlarda uğurlu iştirak və növbəti Yay Olimpiya Oyunlarıdır: “Federasiyamızda köklü islahatlar, ciddi işlər aparılıb. Qarşımızda duran hədəf 2024-cü ildə keçiriləcək Paris Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir. Bu səbəbdən də növbəti il çox vacibdir. Təsnifat turnirləri keçiriləcək və məqsədimiz həmin yarışlarda maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”.

Oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımovun sözlərinə görə, yetirmələrinin nəticələri bundan daha yaxşı ola bilərdi: “Bəzi səbəblər oldu, 2 qızıl medal qazana bilərdik. Avropa çempionu olan Məhəmmədəli Qasımzadə burnu sınıq halda mübarizə aparırdı. Bir qədər ehtiyat edirdik. Buna baxmayaraq, hər şey yaxşı oldu. Bir az istirahət edib, növbəti yarışlara hazırlaşacağıq”.

Azərbaycan boks tarixində yeniyetmə qız boksçular arasında ilk dəfə 1 dəst medal qazanan yığmanın baş məşqçisi Yadigar Məmmədov da komandasından razı qalıb. Qızlardan ibarət millinin baş məşqçisi qeyd edib ki, bu qələbələr yetirmələrində özünəinam yaradacaq və yeni idmançıların boksa gəlişinə böyük stimul verəcək: “Avropa birinciliyinə 5 qız idmançı ilə yollanmışdıq. Onlardan 3-ü bu gün Vətənə medalla qayıtdı. Komandada olan azsaylı boksçularımız arasından seçilən bu qızlar, sözün həqiqi mənasında, tarix yazdılar. Nərmin Əlizadənin erməni rəqibi üzərində qələbəsi də bizi çox sevindirdi. Çünki o, bizim boksçu ilə müqayisədə daha təcrübəli idi və Avropa birinciliyində mübarizə aparmışdı. Əsas məqsəd növbəti yarışlarda da uğurlar qazanmaqdır”.

57 kq çəki dərəcəsində Avropa çempionu olan Məhəmmədli Qasımzadə bununla kifayətlənmək niyyətində deyil. O bildirib ki, məqsədi iştirak edəcəyi hər bir yarışda titul qazanmaqdır: “Döyüşlər çox da ağır olmadı, mənim üçün yaxşı alındı. Bu medalla kifayətlənmək fikrində deyiləm. Qarşıdakı yarışlarda da uğurumu davam etdirib, yeni titullar qazanmaq istəyirəm”.

İtaliyada fəxri kürsünün ikinci pilləsinə qalxan Məhəmmədəli Aşurəliyev (54 kq) növbəti yarışda onu ancaq çempionluğun qane edəcəyini açıqlayıb: “4 döyüş keçirdim. Litvalı idmançı ilə ilk görüşüm bir qədər gərgin alındı. Buna baxmayaraq, qələbə qazandım. Ardınca yarımfinalda erməni rəqibi də məğlub etdim. Finalda ingilislə demək olar ki, başabaş döyüşdüm. Yekunda gümüş medal əldə etdim. Hədəfim növbəti yarışlarda daha da inamlı mübarizə aparmaq və qızıl medal əldə etməkdir”.

Yeniyetmə qız boksçular arasında ilk Avropa çempionu Emili Rzayeva (70 kq) Montesilvanoda Azərbaycan himninin səsləndirdiyi sevincli olduğunu qeyd edib: “Üç döyüş keçirdim. Finalda polşalıya qalib gələrək, Azərbaycan himnini səsləndirib, qızıl medal qazandığım üçün çox sevincliyəm. Uğurumda payı olan hər bir müəllimimə təşəkkür edirəm. Bu səviyyəyə gəlməyimdə atamın da xüsusi rolu olub, böyük əziyyət çəkib. Çempion olduqda o məndən də çox sevinirdi. Ona görə də qələbəmi atama həsr edirəm”.

Yarışın gümüş medalına yiyələnən Nərmin Əlizadə (48 kq) daha böyük uğurlarının qarşıda olduğuna inam ifadə edib. O, karyerasında arzuladığı titulu da dilə gətirib: “Avropa birinciliyinə layiqli qələbə ilə başladım. Erməni rəqib ilə döyüşüm uğurlu alındı, onu məğlub etdim. Ardınca polşalı boksçuya da qalib gəldim. Lakin finalda ingilisə uduzaraq, ikinci yeri tutdum. Bununla kifayətlənməyəcəm. Əsas hədəfim dünya çempionu olmaqdır. Həmçinin, növbəti Avropa çempionatında qızıl medal da qazanmaq istəyirəm”.

Komandamızın bürünc medalçısı Aynur Mikayılova (50 kq) da növbəti yarışlarda uğurlu iştirak üçün məşqlərdə daha səylə çalışacağını deyib. O bildirib ki, Avropa birinciliyində qazandığı təcrübə növbəti turnirlərdə köməyinə gələcək: “Yarışa alman və yunan rəqibimi məğlub etməklə başladım. Yarımfinalda uduzduğum ingilis yekunda çempion oldu. Növbəti turnirlərdə məqsədim ancaq qızıl medal olacaq”.

Qeyd edək ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı Avropa birinciliyini Azərbaycan milli komandası 5 medalla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR