Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıblar

Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıblar
# 19 aprel 2018 08:16 (UTC +04:00)

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Apasport.az Azərbaycan Boks Federasiyasının saytına istinadən məlumat verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Belə ki, 56 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Aleks Baki (Macarıstan) ilə üz-üzə gəlib. Döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. İsgəndərov rəqibini 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Boksçumuz 1/8 finalda fransalı Bilel Qourari ilə döyüşəcək. Qarşılaşma aprelin 20-də olacaq.

75 kq çəki dərəcəsində gücünü yoxlayan Məhəmməd Yusifov da Avropa birinciliyinə qələbə ilə start verib. O, 1/16 finalda Vilmantas Siriusu (Litva) mübarizədən kənarlaşdırıb. Həmyerlimiz 3:0 (28:28, 28:28, 29:27, 29:27, 29:27) hesabı ilə qələbə qazanıb.

Yusifov 1/8 finalda Rafael Hovannisyanla (Ermənistan) qarşılaşacaq. Bu döyüş də sabah baş tutacaq.

Bu gün isə 3 boksçumuz mübarizəyə qoşulacaq. Nurlan Səfərov (60 kq) Stefan Kirkorovla (Bolqarıstan), Zaur Musayev (81 kq) Damyan Zavieruşinski (Polşa) ilə və İsmayıl Yaqubov (91 kq) Viktor Yurkla (Almaniya) üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR