Heydər Əliyev Fondu “Qabusnamə”ni rus dilində nəşr edib

Heydər Əliyev Fondu “Qabusnamə”ni rus dilində nəşr edib
# 15 aprel 2010 09:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan “Qabusnamə” kitabını rus dilində nəşr edib. Fonddan APA-ya bildirilib ki, tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlayıb. 1082-1083-cü illərdə cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış “Qabusnamə” orta əsrlərdə Azərbaycan hökmdarlarının, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olub.

Həmin dövrdə hər bir savadlı və mədəni insanın ailəsində qorunub saxlanan kitab gənc nəslin tərbiyəsində mühüm rol oynayıb, nəsildən-nəslə ötürülən mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi qiymətləndirilib.

Rus oxucusuna təqdim olunan “Qabusnamə” Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 tirajla nəşr olunub.

“Qabusnamə” Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini zənginləşdirib. Fondun dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan kitabları gənc oxucu auditoriyası üçün zəngin mənbə hesab etmək olar. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşrinə dəstək verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR