Tanınmış şair və dramaturq Xanımana Əlibəyli vəfat edib

Tanınmış şair və dramaturq Xanımana Əlibəyli vəfat edib
# 07 may 2007 13:59 (UTC +04:00)
Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz verib. Şair və dramaturq Xanımana Əlibəyli 87 yaşında vəfat edib. Azərbaycan Yazıçılar Birliyindən (AYB) APA-ya verilən məlumata görə, Xanımana Əlibəyli 1953-cü ildən AYB-nin üzvü olub. 1920-ci il aprelin 20-də Bakı şəhərində anadan olan Xanımana Sabir qızı Əlibəyli orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində davam etdirib. O, 1945-50-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Bakı Uşaq Poliklinikasında həkim-pediatr kimi əmək fəaliyyətinə başlayan X. Əlibəyli təqaüdə çıxana kimi uşaqların sağlamlığı keşiyində dayanıb.
X. Əlibəyli ədəbi yaradıcılığa ötən əsrin 30-cu illərində “Ana” şeiri ilə başlayıb. Onun işıq üzü görən “Balaca həkim”, “Meşə həkimi”, “İşləməyən dişləməz”, “Məni günəşə at”, “Ağ çəmən”, “Noğul”, “Qaçqın balalar” və b. kitabları kiçik yaşlı oxucuların sevimlisidir. Uşaqlar üçün bir-birindən dəyərli pyeslər yazan X.Əlibəylinin “Dovşanın ad günü”, “Aycan”, “Cunquş”, “Gözəllər gözəli” pyesləri gənc Tamaşaçılar Teatrında, Kukla Teatrında uğurla tamaşaya qoyulub. Qeyd edək ki, X. Əlibəyli “Mətbuat əlaçısı” nişanına, Əməkdar incəsənət xadimi fəxri adına, iki dəfə respublika Dövlət Mükafatına layiq görülüb, 1999-cu ildən Prezident təqaüdçüsü idi. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR