Moskvada Nizaminin 880 illik yubileyinə həsr olunmuş sərgi açılıb - FOTO

Moskvada Nizaminin 880 illik yubileyinə həsr olunmuş sərgi açılıb - FOTO
# 11 mart 2021 12:04 (UTC +04:00)

Moskvada dahi Azərbaycan şairi Nizam Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Nizamının süjetləri və obrazları” adlı sərgi açılıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Moskvanın Dövlət Şərq Muzeyində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən sərginin ekspozisiyasında Nizami yaradıcılığının təsviri sənətə təsirini göstərmiş və göstərməyə davam edən əlyazmalar, miniatürlər, qrafika və rəsm əsərləri, eləcə də məişət əşyaları nümayiş etdirilir.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanda bütün nəsillərin Nizaminin xatirəsinə və yaradıcılığına böyük diqqət və sevgi ilə yanaşdığını bildirib: “Bizdə hər il çoxlu müxtəlif tədbirlər keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu fəaliyyət göstərir. Rusiyada hələ Sovet İttifaqı dövründə Nizaminin yaradıcılığı və xatirəsinə hər zaman diqqətlə yanaşılıb. Biz bunu heç vaxt unutmayacağıq. Azərbaycan xalqı Nizaminin 1941-ci ildə o zaman bombalar altında və praktiki olaraq mühasirədə olan Leninqradda 800 illik yubileyinin qeyd olunduğunu unutmayacaq. O zaman rus ziyalıları, ədəbiyyatsünasları Ermitaj muzeyində toplaşaraq Nizaminin 800 illik yubileyini qeyd etmişdilər. Həmin yubiley tədbirinin dəvətnamə biletləri və proqramı belə saxlanılıb. Bu, bir növ vətəndaşlıq uğuru idi. 1941-ci ildə şəhər mühasirədə olan zaman belə tədbir keçirmək...”

Diplomat Nizaminin 850 illik yubileyinin mədəniyyət naziri olduğu dövrdə keçirildiyini xatırladıb: “Bir insan kimi çox şanslıyam. Nizami Gəncəvinin 850 illik yubileyini keçirmək mənim də payıma düşüb. Sovet İttifaqının sonuna yaxın, 1991-ci ildə biz “Bolşoy teatr”da Nizaminin təntənəli yubileyini keçirdik. Həmin tədbirdə Moskvanın bütün ziyalıları, hətta SSRİ-nin ilk və son prezidenti Qorbaçov da iştirak edirdi. O zaman da Moskvada səfirliyin binasının önündə Nizaminin abidəsi qoyuldu. Elə həmin ildə Anatoli Sobçakın köməkliyi ilə biz Sankt-Peterburqda Nizami yaradıcılığına həsr olunan həftəni uğurla keçirdik. Elə o zaman da Nizaminin Sankt-Peterburqda abidəsinin qoyulması haqqında qərar qəbul olundu. Qürur duyuruq ki, daha sonra həmin abidənin açılışında Rusiya Prezidenti Vladimir Putin və bizim görkəmli liderimiz, dövlət xadimi Heydər Əliyev iştirak etdi. Ümummilli lider Heydər Əliyev hər zaman deyirdi ki, Nizaminin yubileyini yubiley tarixlərinə görə deyil, hər il keçirmək, onu hər zaman xatırlamaq lazımdır”.

Sərgidə A. S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin, Radişev adına Saratov Sənət Muzeyinin, Arxangelsk Muzey-Malikanəsinin, “Mərcani” Fondunun və Dövlət Ermitaj muzeyinin eksponatları da nümayiş olunur.

P. Bülbüloğlu muzey rəhbərlərinə, xüsusi ilə də Ermitajın direktoru Mixail Piotrovskiyə təşəkkür edib: “Hər hansı muzey, hər hansı direktor öz kolleksiyasından bir neçə gün deyil, hətta bir neçə saat belə bir şey verməyi sevmir. Bu başa düşüləndir, çünki muzey işçiləri xüsusi insanlardır. Mən 18 il ərzində Azərbaycanın mədəniyyət naziri olmuşam. Ona görə də, muzeylərdə çalışanların öz işlərinə səmimi qəlbdən bağlı olan insanlar olduğunu, həqiqətən də özlərini mədəniyyətə və tarixə xidmət etməyə, milli dəyərləri qorumağa həsr edən insanlar olduğunu çox yaxşı bilirəm. Bir daha sizə təşəkkür edirəm ki, pandemiya təhlükəsinə baxmayaraq, bu gün buraya vaxt ayırdınız. Nizaminin yaradıcılığı buna dəyər”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova Fondu və Şərq Muzeyini möhkəm münasibətlərin bir-birinə bağladığını qeyd edib: “Şərq Muzeyi bizim köhnə dostumuz və həmfikirimizdir. Bu muzeyin qonaqpərvər qapıları dəfələrlə Azərbaycan incəsənəti üçün açılıb. Şərq Muzeyi ilə əməkdaşlığımız davam edir. Düşünürəm ki, biz tək bir layihə etməyəcəyik, biz Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına öz töhfəmizi veririk”.

T. Əhmədova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun hər zaman incəsənətin yaradıcı və birləşdirici roluna böyük diqqət ayırdığını vurğulayıb: “Ona görə də Fond Azərbaycanın hüdudlarından kənarda miqyaslı layihələr həyata keçirir. Bir müddət öncə Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilən Azərbaycan xalçaları sərgisini, Pekində Azərbaycan musiqi gecəsini göstərmək olar. Mədəni irs hər zaman Heydər Əliyev Fondunun prioritetidir. İndi 30 il ərzində işğalçılar tərəfindən dağıdılan Dağlıq Qarabağ və ətraf rayonlardakı tarixi və memarlıq abidələrinin bərpa olunmasına böyük diqqət ayrılacaq. Bu obyektlər etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq, bərpa ediləcək. Bizim siyasətimiz, prinsiplərimiz belədir. Bu tolerantlıq və multikulturalizm ideyasıdır”.

T. Əhmədova Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2021-ci ilin Azərbaycanda “Nizami ili” elan olunduğuna diqqəti yönəldib. Onun sözlərinə görə, qarşıda “Nizami ili” ilə bağlı maraqlı tədbirlər və layihələr həyata keçiriləcək: “Çox şadam ki, bu ilin mayında bu sərgi Azərbaycanda, Heydər Əliyev Mərkəzində keçiriləcək”.

Şərq Muzeyinin direktoru Aleksandr Sedov “Nizamının süjetləri və obrazları” sərgisinin ideyasının bir neçə ay bundan əvvəl yarandığını bildiriib: “Sərginin keçirilməsinin əsas ideyası ehtiyatda qalan və tez-tez üzə çıxarılmayan eksponatları göstərməkdən ibarət idi. Sərginin təşkilinə digər muzeylərin də cəlb olunması ideyası yarandı. Bu ilk növbədə Ermitaj muzeyinə aiddir”.

Sərginin kuratoru, Şərq Muzeyinin elmi əməkdaşı Polina Korotçikova sərginin ədəbi prinsiplə qurulduğunu söyləyib: “Sərgi “Nizaminin süjetləri və obrazları” adlanır. Bizim üçün ilk növbədə oxuculara bunu göstərmək, onları Nizaminin şeirlərini oxumağa ilhamlandırmaq çox maraqlı idi. Ona görə də, sərginin girişində oxucu dərhal Nizaminin şeirlərinə səyahət etməyə başlayır. Sərgi elə qurulub ki, qonaqlar Nizaminin “Xəmsə”sinə daxil olan birinci poemadan beşinci poemaya qədər səyahət edir. Hər poemadan ayrı-ayrı süjetləri maksimum bədii vasitələrlə, Nizamidən sitatlarla verməyə çalışmışıq ki, oxucu, izləyici maraqlansın, nə baş verdiyini anlasın, bəlkə də ilhamlansın və şairin əsərləri ilə tanışlığını davam etdirsin”.

Qeyd edək ki, sərgi mayın 3-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR