Rusiyada nüfuzlu mükafatın qısa siyahısına düşən azərbaycanlı yazıçı: “Qafqazlılar rus ədəbiyyatının ən əsas ümididir” - MÜSAHİBƏ

Rusiyada nüfuzlu mükafatın qısa siyahısına düşən azərbaycanlı yazıçı: “Qafqazlılar rus ədəbiyyatının ən əsas ümididir” - MÜSAHİBƏ
  • Clock-gray 11:21
  • calendar-gray 17 Noyabr 2020

Rəhim Cəfərov 1992-ci ildə Bakıda anadan olub. 4 yaşında ailəsi ilə birlikdə Rusiyaya köçüb. Hazırda orada yaşayır. Rəhim Cəfərov “Mark və Ezra”, “Sato” romanlarının müəllifidir. Son romanı Rusiyada keçirilən nüfuzlu “NOS” ədəbiyyat müsabiqəsinin qısa siyahısına düşüb.

Yazıçı Rəhim Cəfərovun APA-ya müsahibəsi

- İlk növbədə əsərinizin “NOS” mükafatının qısa siyahısına düşməsi münasibəti ilə Sizi təbrik edirəm. Romanı müsabiqəyə göndərəndə qısa siyahıya düşəcəyinizə inanırdınızmı? Çünki “NOS”un qısa siyahısında daha çox təcrübəli yazıçılar yer alır. Birdən-birə belə uğur gözləyirdiniz?

- Söyləmək çətindir. Necə deyim, əgər göndərmişəmsə, deməli nəyəsə güvənmişəm. Heç olmasa, uzun siyahıya düşməyi planlaşdırırdım. Məndə belə bir dövr yaranmışdı ki, öz qüvvəmi başqa yazıçılarla müqayisə etmək ehtiyacı hiss edirdim. Belə deyək, böhran yaranmışdı.

- Buna qədər müsabiqələrdə iştirak etmişdiniz?

- Yox, heç vaxt. Ümumiyyətlə, yaradıcılıq sahəsində kiminsə qiymətləndirməsinə söykənmək məni utandırır. İdealda yazıçı, rəssam və ya başqa bir yaradıcı adam özünə o qədər arxayın olmalıdır ki, kənar qiymətləndirmələrə ehtiyacı olmasın. Amma, əlbəttə ki, bu vakuumdakı yaradıcı adama xas prosesdir. Həyatda mən beləsinə rast gəlməmişəm. Müsabiqədə isə ona görə iştirak etdim ki, özümə qarşı şübhə yaranmışdı. Kənar bir təsdiqə, təqdirə ehtiyacım vardı.

- Aydındır, nəticə ilə razısınız?

- Bir halda ki, bu qaydalarla oynamaq qərarına gəlmişəm, o zaman razıyam. Nə üçün sevinməyim?

- Özünüz haqqında bir qədər məlumat verə bilərsinizmi? Mənim özümə də maraqlıdır.

- 1992-ci ildə Bakıda anadan olmuşam. Valideynlərim 4 yaşım olanda Rusiyaya köçüblər. Peşəkar şəkildə piar işləri ilə məşğul olmuşam, indi də bu sahədə çalışıram. Ədəbiyyatla dolanmaq o qədər də asan deyil.

- Yazıçılıqla çoxdan məşğulsunuz?

- O baxır nəyi yazıçılıq adlandırırıq.

- Yəni çoxdan bədii əsərlər yazırsınız?

- Yazmağı öyrəndiyim vaxtdan bədii əsər yazıram.

- Forumlardan birində sizi Jül Vernlə müqayisə etmişdilər. Əsasən, hansı janrda yazırsınız? Və romanlarınız nədən bəhs edir?

- Hmm... Bir janra aid etmək çətindir. Mənim əsərlərimi hansısa bir mövzuya aid etmək mümkünsüzdür. Məndə kiçik həcmli əsərlər daha yaxşı alınır. Bunlar da daha çox O Henrinin stilindədir, nəinki Jül Vernin. Lakin təcrübə də göstərdi ki, (müsabiqə münsiflərinin qənaəti) məndə psixoloji triller də yaxşı alınır. Ümumiyyətlə, əsərləri hansısa janrlara bölməyi xoşlamıram.

- Yazarkən oxucuların tələblərini nəzərə alırsınız, yoxsa oxucu fikri Sizi maraqlandırmır? 

- Əgər “tələb” sözü ortaya çıxırsa, o zaman ədəbiyyat xidmət sahəsinə çevrilir. Mən bu və ya başqa formada oxucunu nəzərdə saxlayıram, çünki onunla öz yaşantımı bölüşmək və bunları ona öz gözlərimlə göstərmək istəyirəm. Lakin heç bir halda onu əyləndirməyi düşünmürəm. Məhz bu əyləndirmə tələbi kino, musiqi və ədəbiyyatı indi gördüyümüz səviyyəyə gətirib çıxarıb. Bir dərin, maraqlı filmin müqabilində superqəhrəmanlardan bəhs edən yüzlərlə film çəkilir. Superqəhrəmanlardan bəhs edən filmlərdə pis heç nə olmasa da, məhz onlar tələblərə xidmət edirlər. Əgər oxucu başqasının dərdinə şərik olmaq, ona toxunmaq istəyir və yeni hisslərlə tanış olmaq, başqasının nəzər nöqtəsini bilmək istəyirsə, o zaman mən əsərlərimi onunla bölüşməyə hazıram. Yox, əgər əyləncə axtarırsa, o zaman mənim kitablarım onun zövqünü oxşamayacaq.

- Kitablarınızın Azərbaycanla bağlılığı var?

- Yox, yoxdur.

- Sizcə roman yazmaq üçün nə lazımdır?

- Yazmağa əl lazımdır (gülür), lakin müasir texniki vasitələr dövründə heç onlar da lazım deyil. Yəqin ki, yalnız beyin gərəkdir. Bir də çoxlu zəhmət lazımdır. Baxmayaraq ki, bu da hansı keyfiyyətə nail olmaq istəyinizdən asılıdır. Çox əziyyət çəkməmək də olar. Əgər məqsədiniz “oxucunun tələbini ödəməkdirsə” o zaman heç beyin də gərək deyil (gülür). Məncə, bununla artıq neyro-şəbəkələrimiz məşğul olmalıdır.

- Xüsusi bir yazı rejiminiz var?

- Əgər məhz kitab yazmağı qarşıma məqsəd qoymuşamsa, o zaman təxminən bir il tələsmədən material üzərində işləyirəm, mövzunu öyrənirəm, məsləhətləşmələr aparıram və sair. Bundan sonra yazmağa keçirəm. O zaman rejimim belə olur ki, bütün gecəni yazıram. Səhər doqquza yaxın işimi bitirib, yeyib yatıram. Axşama doğru yuxudan qalxıram, yeyirəm və yenə bütün gecəni işləyirəm. Bəzən heç yemək də yemirəm, beləcə iki-üç ay davam edir. Kitab yazmayanda isə adi qaydada yaşayıram, sadəcə, arabir hekayələr yazıb “Facebook”da paylaşıram.

- Pritça formasında kiçik hekayələr?

- Bəli, çox vaxt qısa hekayələr yazıram.

- Bu hekayələr status, yoxsa ədəbiyyat xətrinə yazılır? İndi çoxları statusları, sosial şəbəkədə yazılanları ədəbiyyatın bir janrı kimi qiymətləndirirlər.

- Mən hekayələri status, əyləncə və ya hər hansı başqa məqsədlə yazmıram. Bu, sadəcə mənim həyat tərzimdir. Mən reallığı bu formada yaşayıram, mətn vasitəsilə. Düşünürəm ki, müntəzəm şəkildə yazı ilə özünü ifadə edənlər məni başa düşərlər. Yeni janr məsələsinə gəldikdə isə, deməzdim yazdıqlarım yeni janrdır. Mən yuxarıda O Henrinin adını çəkdim. Zənnimcə, qısa hekayələr bütün uzun ədəbi formalardan qədimdir. Şəbəkə ədəbiyyatı yalnız iki xüsusiyyətinə görə fərqlənir. Lakin bu barədə böyük mühazirə söyləmək olar. İndi bu barədə danışsaq uzun çəkər. Mətn vasitəsilə ötürülən hər şeyi bu və ya başqa formada ədəbiyyata aid etmək mümkündür. Hətta təravətləndirici hava balonunun üzərindəki tərkib yazısını da buna aid etmək olar. Orda da istənilən kitabda olduğu kimi bir tarixçə qeyd olunub. Balonun üzərindəki tərkibi oxuyandan sonra siz inanırsınız (ya da inanmırsınız) ki, bu “buz təravətli”dir, ya yox. Qısacası, heç bir janrdan söhbət gedə bilməz.

- Əsərlərinizi daha çox hansı yaş kateqoriyasında olan oxucular oxuyurlar?

- Heç bilmirəm. Yalnız “Facebook”dakı şərhlərə əsaslana bilərəm. Orda yazılanlara görə, özləri, onların uşaqları, valideynləri kitablarımı oxuyublar. Belə götürək, 16-80-ə hər kəs oxuyur.

- Rusiyada ədəbiyyat sahəsində tanınmaq çətindir?

- “Rusiya” və “çətin” anlayışları çox nisbidir. Heç nə ilə müqayisə etmək imkanım yoxdur. Ola bilsin, mənə çətin görünən bir iş başqaları ilə müqayisədə asandır. Amma burda da bir tələ var, ya gərək tanınmağa fokuslanasan, ya da yaradıcılığa. Hər ikisi bir yerdə əlbəttə çətindir.

- Sizin imzanız Rusiyada tanınmağa hər hansı maneə yaradır, yoxsa əksinə cəlbedicidir?

- Siz bu sualı mən verən ilk mətbu orqan deyilsiniz. Mənə elə gəlir ki, azərbaycanlılar bu baxımdan bir az rahat olsalar və şübhələri dəf etsələr, yaxşıdır. Rusiyada hər kəsə münasibət və laqeydlik eynidir, qoy o azərbaycanlı olsun, rus olsun, lap elə erməni olsun. Bəli, mən erməni adını təsadüfən çəkmədim. Bir dəfə jurnalistlərdən biri məndən soruşmuşdu ki, Rusiyada kimləri daha çox sevirlər, azərbaycanlıları, yoxsa erməniləri? Heç kəsi. Burada onları heç fərqləndirmirlər də. Ola bilsin, mənim adım bir qədər seçilir, lakin ədəbiyyat sahəsində bu o qədər də nəzərəçarpan deyil. Rus olmayan xeyli yazıçı tanıyıram. Ümumiyyətlə, həmişə zarafatla deyirəm ki, qafqazlılar rus ədəbiyyatının ən əsas ümididir. Misal üçün, Cəfərov, Pliyev və Xabiçev.

- Azərbaycanla Sizi nə bağlayır? Buraya tez-tez gəlirsiz?

- Azərbaycanda mənim babam yaşayır. Moskvaya gələ bilmir, buranın havası ona düşmür. Demək olar, ildə bir dəfə gəlirəm.

- Uşaq vaxtı burada keçirdiyiniz illəri xatırlayırsınız?

- Yalnız dumanlı şəkildə xatırlayıram; babamın həyətindəki əncir ağacını, köhnə küçələri, nərd oynayan yaşlı kişiləri...

- Azərbaycan dili yadınızda qalıb?

- Yox, qalmayıb. Artıq demək olar heç nə xatırlamıram. Ən yaxşı halda on sözdən biri yadıma düşür. Əlbəttə, Bakıya gələndə nəsə yada salmağa çalışıram. Mənə elə gəlir ki, Azərbaycanda müəyyən müddət yaşasam, öyrənə bilərəm.

- Burada kitablarınızın çap olunmağını istəmirsiniz?

- Təklif gəlsə, niyə də yox?

- Nə əcəb özünüz təşəbbüs göstərməmisiniz?

- Azərbaycanda mənim müəyyən sayda oxucum var. Onlar da ya elektron formada oxuyur, ya da poçtla əldə edirlər. Əgər gələcəkdə ehtiyac yaransa, çap etmək olar. Təbii ki, müəllif hüquqlarını qorumaq şərti ilə.

- Azərbaycan yazıçılarından kimləri tanıyırsınız?

- Nizami və Nəsimini oxumuşam. Bir Şərq müdriki kimi onların sırasına Rumini də əlavə eləsək, daha başqa kimisə oxumağa gərək yoxdur, elə üçü bəsdir.

- Bəs Çingiz Abdullayev?

- Nədənsə Abdullayevi heç oxumamışam.

- Bəs müasir rus və dünya yazıçılarından kimləri oxuyub bəyənirsiniz? Viktor Pelevin, Vladimir Sorokin, Dmitri Bıkov, Mixail Elizarov, Prilepin...

- Pelevin və Sorokini oxumuşam. Bıkovun daha çox mühazirələri diqqətimi çəkir, yaradıcılığını bəyənmirəm. Elizarovu oxumağı isə həmişə təxirə salıram.

- Sevimli yazıçılarınız kimlərdir?

- Yaxşı yazan bütün yazıçılar. Hazırda İsaak Babelin “Konarmiya” əsərini oxuyuram. Üçüncü dəfə oxuyub bitirməyə cəhd edirəm. Bulqakovun "Turbinlər ailəsinin günləri" əsərini bir neçə dəfə oxumuşam, filminə də baxmışam. O əsəri dəfələrlə oxuya bilərəm. Tolstoy, Şoloxovu da sevirəm. Müasirlərdən isə Nil Qeyman, Terri Pratçett, Çayna Mievilli bəyənirəm.

- Yəni fantast yazıçılar?

- Bəli.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər