AMEA Nizami Gəncəvi ilə bağlı təhrifə görə Viktoriya və Albert muzeyinə məktub ünvanlayıb

Vikrotiya və Albert muzeyi

© APA | Vikrotiya və Albert muzeyi

# 23 dekabr 2021 12:02 (UTC +04:00)

Akademik Rafael Hüseynov Viktoriya və Albert muzeyinin saytında Nizami Gəncəvi ilə bağlı yol verilmiş təhrifə görə muzey rəhbərliyinə məktub ünvanlayıb.

AMEA-dan APA-ya bildirilib ki, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Londondakı Viktoriya və Albert muzeyinin saytında Nizami Gəncəvinin İran şairi kimi, onun “Xosrov və Şirin” poemasındakı Şirin obrazının isə erməni olaraq təqdim edilməsi ilə bağlı muzeyin direktoru Tristram Hanta, Kolleksiyalar üzrə direktor Antonia Boströma və muzeyin Görüşlər, kommersiya məsələləri, rəqəmsallaşdırma üzrə direktoru Sofi Brendelə məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

“Mən peşəkar şərqşünas və muzey işçisi olduğumdan ekspozisiyalarda tarixi çəkisi və mənası olan sənəd və eksponatların düzgün, təhrifsiz təqdiminə həmişə son dərəcə diqqətli və ehtiyatla yanaşıram.
Sizə müraciət etməyimə səbəb muzeyinizin saytında və espozisiyanızda təqdim olunan bəzi minatürlərlə bağlı yetərincə dəqiq olmayan məlumatların Azərbaycan Respublikasında ictimaiyyət arasında narahatlıq oyatması və bu haqda mətbuatda, sosial şəbəkələrdə dərc edilən tənqidi yazılar oldu.
Ona görə də sizə yazaraq bəzi məsələlərə aydınlıq gətirməyi lazım bildim. Mən sizinlə bu müzakirələri daha geniş şəkildə davam etdirməyə, sizə əlavə elmi materiallar da təqdim etməyə hazıram.
Muzeyinizin saytında XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin İran şairi kimi, onun “Xosrov və Şirin” poemasındakı Şirin obrazının erməni olaraq təqdim edilməsi tarixi və elmi baxımdan doğru deyildir və narazılığa səbəb olan da məhz bu incə məqamlardır.
Son 80 ildən artıq müddətdə Azərbaycan öz böyük şairinin yubileylərini dəfələrlə təntənə ilə keçirmiş, şairin 880 yaşının tamam olduğu 2021-ci il isə Azərbaycan Respublikasında dövlət tərəfindən rəsmən “Nizami Gəncəvi İli” elan edilib.
Nizami Gəncəvi Azərbaycan şairidir, 1141-ci ildə Azərbaycan şəhəri Gəncədə doğulub, ömrü boyu bu şəhərdə yaşayıb, bütün əsərlərini Gəncədə yaradıb, 1209-cu ildə Gəncədə vəfat edib, bu gün də onun Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncədəki movzoleyi bütün xalqın ən uca tutduğu ziyarət yerlərindəndir”.
Məktubda bildirilib ki, məhz Azərbaycan şairi olaraq Nizami Gəncəvinin heykəlləri bu gün İtaliyada, Misirdə, Rusiyada, Lüksemburqda və digər xarici ölkələrdə də yüksəlməkdədir.

“Tarix boyu Azərbaycanın yalnız torpaqlarına və sərvətlərinə deyil, həm də böyük şəxsiyyətlərinə, mədəni irsinə, abidələrinə qarşı da təcavüz, qəsb siyasəti yürüdülmüşdür.
Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxın müddətdə işğal altında idi. 2020-ci ilin noyabrında Azərbaycan 44 günlük müharibədən sonra nəhayət ki, bütün zəbt olunmuş torpaqlarını azad etmişdir.
Uzunmüddətli işğal səbəbindən indi öz ərazilərinin hər qarışına, hər bir milli sərvətinə son dərəcə həssas münasibət hər bir azərbaycanlı üçün ən ali duyğudur.
Gəncəli Nizami İran, fars şairi kimi təqdim ediləndə Azərbaycan xalqı bunu yalnız öz doğma şairinə qarşı deyil, həm də Vətənin ayrılmaz parçası olan Gəncəyə qarşı yolverilməz yanaşma, ölkənin ərazi bütövlüyünə sayğısız münasibət kimi qavrayır.
Təəssüflər olsun ki, ayrı-ayrı qüvvələr tərəfindən Azərbaycana qarşı müxtəlif səviyyələrdə mədəni qəsbkarlıq siyasəti indi də davam etməkdədir.
Nizami Gəncəvi Azərbaycan şairidir, gəncəlidir, milliyyətcə Azərbaycan türküdür və bütün bunları hər kəsdən əvvəl özü “Xəmsə”sində açıq-aşkar bəyan edir.
Lakin Nizami orta əsrlərdə Mərkəzi Asiyada mövcud olmuş ədəbi ənənəyə uyğun olaraq əsərlərini o zamanın ortaq poeziya dili olan farscada yazmışdır. 3 dildə - ana dili olan Azərbaycan türkcəsində, farsca və ərəbcə yazmaq orta əsr Azərbaycan ziyalısı üçün səciyyəvi olmuşdur. Ümumən bu özəllik orta əsrlərdə digər Yaxın və Orta Şərq xalqları üçün də xas idi və fars dili o dövrdə bir vaxtlar latıncanın Avropa üçün oynadığı rolu yerinə yetirirdi”.

Qeyd olunub ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərindəki Şirinin erməni və Ermənistan hökmdarı kimi təqdim edilməsi də tarixi həqiqətin təhrifidir:

“Həmin poemada haqqında bəhs edilən Ərmən və ya Ərmənzəmin heç də yanlış olaraq düşünüldüyü və yazıldığı kimi Ermənistan – Armenia deyildir. Ərmən orta əsrlər Azərbaycanında kiçik bir əyalət olmuşdur ki, paytaxtı Bərdə idi. Bərdə şəhəri bu gün də Azərbaycan Respublikasında mövcuddur və həmin şəhəri Nizami digər poemalarında da məhəbbətlə təsvir edir. Şirinin milliyətcə kim olması sualının cavabını isə təbii ki, Şirinin özündən yaxşı heç kim verə bilməz. “Xosrov və Şirin” məsnəvisinin “Şirinin cavabı” adlı fəslində Şirin belə deyir: “Mən qara gözlü türkəm” (من ان ترک سیه چشمم...). Bu qədər sadə.
Biz bütün insanların olan mədəni sərvətlərin siyasiləşdirilməsi səmtindəki hər cəhdə münasibətdə ayıq olmalıyıq.
Bir daha Sizə ehtiramımı çatdıraraq rica edirəm ki, Nizami Gəncəvi ilə bağlı mübahisə və narahatlıq yaradan materialların saytınızdan götürülməsi, ekspozisiyada müvafiq düzəlişlər aparılması məsələsinə diqqətinizi əsirgəməyəsiniz və irəlidə də qeyd etdiyim kimi, bu mövzu ilə əlaqədar istənilən qədər əlavə və geniş elmi material və mötəbər tarixi sübut və məxəzlərin sizə təqdim edilməsinə, konstruktiv fikir mübadilələrinə, davamlı əməkdaşlığa həmişə hazıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR