Azərbaycan 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
  • Clock-gray 16:52
  • calendar-gray 17 Oktyabr 2019

Oktyabrın 16-da Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində 71-ci beynəlxalq kitab sərgisi işə başlayıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, hər il təşkil olunan Frankfurt sərgisinə dünyanın əksər ölkələrindən müxtəlif nəşriyyat və poliqrafiya müəssisələri öz məhsullarını təqdim edirlər.

Sərginin builki fəxri qonaq ölkəsi Norveç Krallığıdır.

Ölkəmizin ənənəvi olaraq təmsil olunduğu dünyanın ən böyük kitab sərgisində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

Sərgidə ölkəmizin 56 kvadratmetr sahədə qədim Qız qalası və İçərişəhərin Qala divarlarının dizaynı ilə hazırlanmış xüsusi stendində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tarix və mədəniyyətimizə dair nəşrlər təqdim olunur.

Nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır. Sərgi çərçivəsində nəşriyyat və kitab işi ilə məşğul olan şirkətlər arasında işgüzar görüşlər, təqdimatlar təşkil olunur.

Oktyabrın 16-da, sərginin birinci günündə ölkəmizin stendində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev ilə Türkiyənin Frankfurt-Mayn şəhərindəki baş konsulu Burak Karartı arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında kitab və nəşriyyat işi sahəsində əlaqələr yüksək qiymətləndirilib.

Qeyd edək ki, 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 20-dək davam edəcək.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date