Beynəlxalq Türk Akademiyasının Azərbaycana aid yeni nəşrləri təqdim olunub

Beynəlxalq Türk Akademiyasının Azərbaycana aid yeni nəşrləri təqdim olunub
# 17 oktyabr 2019 13:13 (UTC +04:00)

Bakıda Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən qazax dilində çap olunmuş, ulu öndər Heydər Əliyevin həyat yolu və fəaliyyətindən bəhs edən “Elinə yol açan”, 20 Azərbaycan klassikinin seçilmiş əsərlərinin yer aldığı “Azərbaycan ədəbiyyatı antologiyası”, böyük mütəfəkkir İmadəddin Nəsiminin şeirlərindən ibarət “Mən aləmə sığmazam” və Qazax milli şairi Mağjan Jumabayevin Azərbaycan dilinə çevrilmiş şeirlər kitabının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təşkil olunan təqdimat mərasimində nüfuzlu alimlər, dövlət xadimləri və tədqiqatçılar iştirak edib.
AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli bildirib ki, müasir dövrdə türkdilli xalqların daha da yaxınlaşması, inteqrasiyası, bir-birinin mənəvi irsini, adət-ənənələrini öyrənməsi, ortaq dəyərlərimizi tədqiq və tərənnüm edən ədəbi nümunələrimizin, böyük dövlət xadimlərimizin həyat yolunun öyrənilməsindən keçir. O, Akademiyanın “Türk dünyası ədəbiyyat antologiyası” seriyasından qazax dilində ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nı çap etməsini Azərbaycan ədəbiyyatına verilən böyük dəyər kimi qiymətləndirib.
Beynəlxalq Türk Akademiyasının bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndirən akademikin sözlərinə görə, Azərbaycana və digər türk xalqlarına aid belə əhatəli tədqiqatların aparılması və əsərlərin ortaya qoyulması qərargahı Qazaxıstanda yerləşən təşkilatın bütün türk dünyası üçün nə qədər əhəmiyyətli işlər gördüyünü göstərir.

Qeyd olunub ki, Beynəlxalq Türk Akademiyası tərəfindən UNESCO-da, eyni zamanda Nur-Sultanda keçirilən beynəlxalq forumlar çərçivəsində böyük Azərbaycan mütəfəkkirləri İmadəddin Nəsiminin 650, Cəlil Məmmədquluzadənin 150, Əhməd Ağaoğlunun 150, Cəfər Cabbarlının 120 illik yubileyləri qeyd edilib.

BTA-nın daimi katibi Asxat Kesikbayev təşkilatın son illər həyata keçirdiyi layihələr, eyni zamanda təqdim olunan hər bir nəşr barədə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan xalqı hər zaman türk xalqları arasında bədii yaradıcılığa meyli ilə xüsusi seçilib, orta əsrlərədək türkdilli ortaq yazılı və şifahi ədəbiyyatımızın formalaşmasına əvəzsiz töhfə verib. Akademiya təmsilçisi bildirib ki, qeyd olunan layihələr Azərbaycanın Qazaxıstandakı Səfirliyi və AMEA ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Nur-Sultandakı Azərbaycan səfirliyi “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəşrinə dəstək verib.
Bundan sonra ardıcıl şəkildə digər türk xalqlarının da ədəbiyyat antologiyaları da çap olunacaq.

Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Elinə yol açan" kitabı barədə geniş məruzə ilə çıxış edən tarix elmləri doktoru Eynulla Mədətli ilk dəfə qazax dilində Heydər Əliyevlə bağlı belə irihəcmli kitabın çapdan çıxdığını diqqətə çatdırıb. Kitabda Azərbaycanın qədim dövrdən indiyədək böyük dövlətçilik ənənələrinə sahib olduğu, Heydər Əliyevin bu ənənələrin inkişafındakı xidmətləri önə çəkilir. Alimin sözlərinə görə, kitaba ön sözü Qazaxıstanın qurucu Prezidenti Nursultan Nazarbayevin yazması türk dünyasının böyük dövlət xadiminin Azərbaycan dövlətinə və xalqına, onun siyasi rəhbərliyinə nə qədər böyük ehtiram göstərdiyini göstərir.

Filologiya elmləri doktoru Fəridə Əzizova Nəsiminin “Mən Cahana sığmazam" şeirlər kitabının qazax oxuculara qardaş Azərbaycan xalqını daha yaxından tanımağa onun mənəvi zənginliyini öyrənməyə şərait yaradacağını bildirib.
Tədqiqatçının sözlərinə görə, bu cür kitablar Azərbaycan ədəbiyyat nümunələrinin ayrı-ayrı türk xalqlarının dillərinə çevrilməsi kimi yeni bir ənənənin əsasını qoymaqla yanaşı, Qazaxıstandan, türk dünyasından olan ədəbiyyatçılar, filoloqlar, alimlər və türkoloqlar üçün də faydalı mənbə rolunu oynayacaq. O bildirib ki, rəmzi olaraq, “Mən aləmə sığmazam” kitabında 47 yaşında edama məhkum edilən Nəsiminin 47 şeirinin qazaxca tərcüməsi yer alıb.

Filologiya elmləri doktoru Əlizadə Əsgərli “Azərbaycan ədəbiyyatı antologiyası” barədə danışaraq qeyd edib ki, “Azərbaycan ədəbiyyatı antologiyası”nda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Mir Cəlal, Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi böyük ədiblərin əsərləri yer alıb.

Qazax milli şairi Mağcan Jumabayevin şeirlərinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirən filologiya elmləri doktoru Almaz Ülvi isə türk dünyasında yetişməkdə olan nəslin ortaq düşüncə amalı ətrafında birləşməsində bu cür əsərlərin çox əhəmiyyətli rol oynadığını bildirib.

Sonda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli BTA rəhbərliyinə və təşkilatın prezidenti Darxan Kıdıraliyə Azərbaycanın elmi ictimaiyyəti adından təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR