Cəfər Cabbarlının "Kazım bəy" romanı çap olunacaq 

Cəfər Cabbarlının "Kazım bəy" romanı çap olunacaq 
# 25 aprel 2019 18:15 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunın təşkilatçılığı ilə Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilən "Cəfər Cabbarlının sənət idealları və müasir dövr" mövzusunda elmi sessiya keçirilib.

ONA-nın xəbərinə görə, sessiya çərçivəsində ədibin əsərlərindən ibarət sərgi də təşkil olunub.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi sessiyanın Prezident İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" 17 dekabr 2018-ci il tarixli sərəncamına əsasən baş tutduğunu bildirib: “Sərəncam çərçivəsində respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrində, o cümlədən AMEA-da silsilə tədbirlər keçirilib, sözügedən sənəd C.Cabbarlı irsi ilə bağlı yeni yanaşmaların, eləcə də onun itmiş əsərlərinin üzə çıxmasına təkan verib”. O, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli tərəfindən ədibin "Kazım bəy" romanının, eləcə də bu günə kimi dərc edilməyən məktublarının tapıldığını və tezliklə çap olunacağını diqqətə çatdırıb.

Cəfər Cabbarlının ədəbiyyatımızın ən məşhur simalarından biri olduğunu deyən İ.Həbibbəyli bildirib ki, o, XX əsr Azərbaycan dramaturgiyasını yeni mərhələyə qaldırıb, sentimental, realist, romantik ədəbi cərəyanların ən mükəmməl nümunələrini yaradıb. Akademik yazıçının "Oqtay Eloğlu", "Almaz", "Sevil" və s. pyeslərindəki milli vətənpərvərlik ruhu, qadın azadlığı kimi ideyaların bu gün də cəmiyyət üçün aktual olduğunu söyləyib, ədibin yeni obrazlar və süjetlərlə ədəbiyyatımızı zənginləşdirdiyini bildirib.

C.Cabbarlının milli teatrımızın inkişafında da müstəsna xidmətləri olduğunu xatırladan AMEA-nın vitse-prezidenti qeyd edib ki, o, həm özünün, həm də digər Azərbaycan müəlliflərinin əsərlərinə rejissorluq edib, həmçinin teatr xadimi kimi onların səhnələşdirilməsinə dəstək verib.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək yenilik, müasirlik uğrunda mübarizənin C.Cabbarlı yaradıcılığının əsas qayəsini təşkil etdiyini, ədibin şəxsiyyət azadlığı, humanizm, milli azadlıq və istiqlal idealarının carçısı olduğunu söyləyib.

Elmi sessiyada həmçinin filologiya elmləri doktoru, professor Şirindil Alışanlının "Cəfər Cabbarlının sənəti zamanın sınağında", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarlının "Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni", filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilovun "Cəfər Cabbarlının yaradıcılığında dövrün sosial-mədəni refleksləri" və filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın "Cəfər Cabbarlının arxivində ədəbi məktublar" mövzusunda məruzəsi dinlənilib.

Sonda ədibin həyatından bəhs edən "Zülmətdən doğan işıq" sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR