Cəlil Məmmədquluzadəyə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransın açılışı olub

Cəlil Məmmədquluzadəyə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransın açılışı olub
# 18 noyabr 2019 15:58 (UTC +04:00)

Noyabrın 18-də Azərbaycan Milli Kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransın açılışı olub.

APA-nın məlumatına görə, konfrans Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov konfransda Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçılarının iştirak etdiyini bildirib: "Konfransda həm də böyük ədəbin nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edirlər. Mənə elə gəlir ki, onların ulu babalarının vətəninə gəlməsi xalqımızın həyatında böyük hadisədir. Mən inanıram ki, onlar bundan sonra tez-tez Azərbaycana gələcək və xalqımızın Cəlil Məmmədquluzadə irsinə necə böyük sayğı ilə yanaşdığına daha yaxından şahid olacaqlar".

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin yaratdığı "Molla Nəsirəddin" satirik jurnalının cəmiyyətin maariflənməsində böyük rol oynadığını diqqətə çatdırıb. O, C. Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə həm sovet dövründə, həm də müstəqillik illərində bir çox addımlar atıldığını vurğulayıb.

Sonra C. Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Filmin nümayişindən sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək bəzən Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir və başqaları haqqında naqis fikirlər səsləndirildiyini söyləyib: "Guya bu adamlar Azərbaycan xalqını tənqid ediblər. Onlar bu xalqı ona görə tənqid ediblər ki, xalqımız cəhalətdən qurtulsun, onu əsarətdə saxlayan buxovları qırsın, dünyanın digər xalqları ilə bərabər ola bilsin. O baxımdan biz Mirzə Cəlilin də nə qədər əhəmiyyətli olduğunu görürük".

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə Mirzə Cəlilin uzaqgörən yazıçı kimi xalqımızı bu gün yaşadığımız şəkildə görmək istədiyini qeyd edib.

Sonra TÜRKSOY tərəfindən C. Məmmədquluzadənin nəslinin davamçılarına hədiyyələr təqdim olunub.

Daha sonra Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” Elektron məlumat bazası təqdim olunub.

Qeyd edək ki, konfrans iki gün davam edəcək.

Xatırladaq ki, 2019-cu yanvarın 17-də Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunmasını ilə bağlı Sərəncam imzalayıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR