“Culture Guide” mədəniyyət bələdçisinin avqust sayı çapdan çıxıb

“Culture Guide” mədəniyyət bələdçisinin avqust sayı çapdan çıxıb
# 01 avqust 2019 11:37 (UTC +04:00)

“Culture Guide” mədəniyyət bələdçisinin avqust sayı çapdan çıxıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, UNESCO-nun Baş direktoru Odre Azulenin Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dediyi sözlər də “Culture Guide” mədəniyyət bələdçisinin yeni sayında bir daha diqqətə çatdırılıb.

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək məqsədlə ərsəyə gələn “Culture Guide” kataloqunun avqust buraxılışı da mövzu və materiallar baxımından zənginliyi ilə seçilir.

“Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən mədəniyyət bələdçisi Azərbaycan haqqında, ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. Yazıda müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin müasir dövrdə mədəniyyətlərarası dialoqa töhfələrindən, son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.

Nəşrdə Azərbaycanın Dünya İrs Komitəsinə üzvlüyü və cari ildə bu qurumda sədrlik etməsi, 43-cü sessiyasının gedişi, qəbul olunan qərarlar və ümumilikdə UNESCO-nun bu mötəbər tədbirinə ev sahibliyinin ölkəmiz üçün əhəmiyyəti barədə söz açılır. Həmçinin paytaxtın mədəniyyət ocaqlarında xarici qonaqlar üçün təşkil olunan tədbirlərdən bəhs olunur.

Eyni zamanda “Culture Guide”ın yeni buraxılışında ənənəvi olaraq şəhərdəki mədəniyyət müəssisələri haqqında təqdimat-tanıtma səciyyəli informasiyalar verilib.
Nəşrdə Bakının hər zaman xarici qonaqların diqqətini çəkən tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlərin ölkəmizdən özləri ilə hansı suvenir və “dadlı xatirələr” apara biləcəklərinə dair tövsiyələr verilir.

Nəşrin avqust buraxılışında UNESCO-nun Dünya irs siyahısına yenicə daxil edilmiş Şəkinin tarixi-mədəni irsi, eləcə də Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında yer alan nümunələrimizdən milli muğam sənəti, Azərbaycan xalça sənəti, Lahıc misgərlik sənəti barədə materiallar təqdim olunur.
2009-cu ildən etibarən hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqi xəritəsində özünə layiqli yer qazanıb. “Bir həftə musiqi və ömür boyu təəssürat” başlıqlı yazıda 31 iyul – 5 avqust tarixində Qəbələdə 11-ci dəfə keçirilən festival barədə məlumat verilir.

“Culture Guide” avqust ayının mədəniyyət təqviminə də nəzər salır. 2 avqust – Azərbaycan Kinosu Günü və milli kinematoqrafın tarixi, 17 avqustda (1942) anadan olmuş dünya şöhrətli müğənni Müslüm Maqomayevin həyat və yaradıcılığı haqqında yazılar bu qəbildəndir.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisində hər ay görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyasına yer verilir. Bu dəfə “Culture Guide”ın ilk səhifəsində Əməkdar rəssam Ələkbər Rzaquliyevin “Şəki darvazası” qrafik əsəri əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR