“Əhsənüt-təvarix” əsəri Azərbaycan dilində nəşrə hazırlanır

“Əhsənüt-təvarix” əsəri Azərbaycan dilində nəşrə hazırlanır
  • Clock-gray 15:05
  • calendar-gray 16 Sentyabr 2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərinin Azərbaycan dilinə tərcüməsini başa çatdırıb və onun I cildini nəşrə hazırlayır.

Tarix İnstitutundan APA-ya verilən məlumata görə, əsəri fars dilindən tərcümə edən institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazildir.

Şahin Fazil əsərin tam tərcüməsi və ona yazdığı geniş şərhlər üzərində 10 il çalışıb. Əsər “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunacaq. Layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

“Əhsənüt-təvarix”in dövrümüzə qədər gəlib çatmış iki cildində Azərbaycanın və ona qonşu olan ərazilərin XV-XVI əsrlər tarixindən bəhs edilir. Salnamədə Qaraqoyunlu-Ağqoyunlu, Ağqoyunlu-Səfəvi münasibətləri yaxşı işıqlandırılıb, Şirvan və Şəkinin tarixinə dair zəngin məlumat verilib. Həsən bəy Rumlu əsərdə dövlət quruluşu, iqtisadi vəziyyət, feodal münasibətləri, ordu və siyasi tarix haqqında qiymətli məlumatlar verir. Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa tarixçilərinin kitablarında, ya tamamilə öz əksini tapmayıb, ya da çox ötəri qeyd edilib.

Əsərdə Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilib, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilib.

“Əhsənüt-təvarix” özündən sonra yazılan bir sıra tarixi əsərlər üçün mühüm mənbə rolunu oynayıb.

Xatırladaq ki, Şahin Fazil bundan əvvəl orta əsr müəllifləri İsgəndər bəy Münşi, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date