Kağız üzərindən ƏDV-nin götürülməsi nə vəd edir? - ARAŞDIRMA

Kağız üzərindən ƏDV-nin götürülməsi nə vəd edir? - ARAŞDIRMA
# 18 may 2022 15:57 (UTC +04:00)

Məlum olduğu kimi, kütləvi informasiya vasitələri məhsullarının idxalı, kitabların idxalı və satışı, habelə qəzetlərin, jurnalların və bu kimi digər məhsulların istehsalı ilə bağlı rulon və ya vərəq şəklində kağızın idxalı və satışı ƏDV-yə 18%-lik dərəcə ilə cəlb edilirdi. Amma dünyanın əksər ölkəsində kitab sənayesində ƏDV dərəcəsinə nəzər saldıqda bunun ya çox cüzi olduğunu, ya da ki, heç ümumiyyətlə olmadığını görürük. Qonşu ölkələrlə müqayisədə bizdəki rəqəm – 18 faiz olduqca böyük rəqəmdir. Bu faiz göstəricisinə görə, zaman-zaman nəşriyyat direktorları, kitab mağazası sahibləri, qəzet və jurnalların baş redaktorları, yazıçı və şairlər müxtəlif təkliflər irəli sürüb, kağız üzərindən ƏDV-nin götürülməsi ilə bağlı iradlarını dilə gətiriblər. Çünki sözügedən məsələ birbaşa kitabların satış qiymətinə, həmçinin müəlliflərin kitab nəşr etdikləri zaman qiymət bahalığı ilə üzləşməsinə səbəb olan əsas faktordur.

Nəhayət, yeni qərara əsasən, KİV məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin məhsulların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəq şəklində kağızın idxalı və satışının ƏDV-dən azad edilməsi reallaşıb.

Bəs yeni qərar kitab bazarına nə kimi təsir edəcək?

“525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid APA-ya sözügedən proses üçün məqamın çoxdan yetişdiyini deyir: “Bu müzakirə keçən il bir neçə dəfə Milli Məclisdə olmuşdu. Eyni zamanda, ictimaiyyətdə də müzakirələr aparılırdı. Sözsüz ki, yeni qərar olduqca müsbət hadisədir. Çünki bu, çap mediasının iqtisadi vəziyyətinə də təsir edəcək, kitab nəşrlərinin sayının çoxalmasına və qiymətlərinin ucuzlaşmasına gətirib çıxacaq”.

“Qanun” Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu APA-ya bildirib ki, bu addım özlüyündə kitaba özəl münasibətdir: “Bu addım kitab adına, kitab mədəniyyətinə ciddi bir stimuldur. Yeni qərar ümumi tiraj sayının artımı və kitabların bazar qiymətinin münasib olmasına səbəb olacaq. Hesab edirəm ki, bu, həm də yazmaq ənənəsinə yeni nəfəs və həvəs gətirəcək. Atılan addım, eyni zamanda, Azərbaycan adının dünyada kitab sektoruna vergi tətbiq edən ölkə kimi yox, əksinə, artıq ona dəstək verən, güzəşt edən və qoruyan ölkə kimi tanıdacaq.

Ümumiyyətlə, bu, kitab sahəsinə yeni və özəl bir münasibət oldu, biz bu proses üçün illərdir ki, çalışırdıq”.

Kitab sahəsinə özəl münasibətin kitab satışına təsiri də maraqlıdır. Ölkədəki kitab mağazalarındakı qiymətlərdən daima narazılıq var. Əksər oxucular kitabları xarici ölkələrdən, əsasən də, Türkiyədən sifariş edir. Çünki sözügedən ƏDV məsələsi Türkiyə ilə Azərbaycan arasındakı kitab qiymətlərində olduqca böyük fərq yaradır. Türkiyədə əvvəllər ƏDV 8 faiz idi, lakin sonradan bu 8 faizlik vergi də aradan qaldırıldı və nəticədə bu gün Azərbaycan oxucusu Türkiyə kitab bazarına üz tutmalı oldu. Əvvəlki qiymət bahalığını nəzərə alsaq, bu, bir növ, başa düşülən idi. Bəs bundan sonra necə olacaq, gözləntilər nədir?

“Ali və Nino” kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli kitabların qiyməti məsələsində ucuzlaşmanın olacağını deyir: “Dünyanın sivil ölkələrində kağız və kitaba tətbiq edilən ƏDV sıfır dərəcəsindədir. Bizdə də eynisinin tətbiqi, şübhəsiz, kitab sektoruna və bazarına da təsir edəcək. Bütün bu edilənlər təkcə kitab bazarı üçün deyil, bu, ölkənin kitab çevrəsi üçündür. Nəşrlərin, tirajların sayı çoxalacaq və oxucular da kitabları istədikləri qiymətə ala biləcəklər”.

Yazıçı Etimad Başkeçid isə sözügedən hadisəni son illərin ən uğurlu addımların biri kimi qiymətləndirir: “Kitab və kağız üzərindən ƏDV-nin götürülməsi son illər humanitar sferada atılan ən mühüm addımlardan biridir. Əvvəla, bu, bilik iqtisadiyyatının dövlət tərəfindən dəstəkləndiyinin göstəricisidir. Heç kəsə sirr deyil ki, müasir dövrdə milli mədəniyyətlərin inkişafının bazisini məhz oxu prosesinə, fasiləsiz təhsilə, kitaba, kitabçılığa münasibət formalaşdırır. İkincisi, bununla Azərbaycan sözügedən məsələdə Böyük Britaniya, Norveç, İrlandiya və s. kimi zəngin ədəbi ənənələri olan ölkələrlə eyni sırada dayandığını nümayiş etdirir. Yəni dünayanın əksər ölkələrində kitab nəşri və satışı sahəsində aşağı faizli də olsa, ƏDV saxlandığı halda, Azərbaycan bu vergini tamamilə qaldırır. Üçüncüsü, bu addım ölkəmizdə nəşriyyat işinin yenilənməsi, çap məhsullarının keyfiyyətinin yüksəldilməsi kimi problemlərdən tutmuş, müəyyən iş yerlərinin, artıq xatirəyə çevrilən kitab mağazalarının yenidən açılması məsələlərinə qədər, çox şeyə müsbət təsir göstərəcəkdir. Gedişat göstərir ki, insan kapitalının, insanımızın intellektual potensialının inkişafı ilə bağlı əməli addımlar atılır. Bu qərarın verilməsində əməyi keçən hər kəsi təbrik etmək lazımdır”.

Həm nəşriyyat direktorları, həm kitab mağazası sahibləri, həm də yazıçılar sözügedən qərarın ölkənin kitab sənayesinə, kitabçılığına ciddi töhfə verəcəyinə inanırlar. Qəbul edilmiş qanunun icrası və onun əvvəlki illərə nisbətdə kitab sektoruna təsirini isə zamanla görəcəyimizə ümid edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR