TEAS Press gənclər üçün roman müsabiqəsi elan edib - ŞƏRTLƏR - VİDEO

TEAS Press gənclər üçün roman müsabiqəsi elan edib - ŞƏRTLƏR  - VİDEO
# 03 iyun 2022 12:31 (UTC +04:00)

İyunun 3-də “LIBRAFF”ın “Park Akademiya” filialında TEAS Press Nəşriyyat evinin elan etdiyi yeni ədəbi müsabiqənin təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə yazıçılar, ictimai xadimlər, KİV nümayəndələri və tanınmış blogerlər iştirak edib.

Təşkilatçılar müsabiqənin keçirməlisində məqsədin ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını təşviq etmək olduğunu vurğulayıblar.

Qeyd olunub ki, əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsi ilə oxuculara çatdırılmasından ibarətdir.

Yeni nəsil roman yazarlarının ictimaiyyətə tanıdılmasında müsabiqənin böyük rolu olacağı, müsabiqə çərçivəsində yeni yazarların tanınacağı vurğulanıb.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edərək müsabiqənin təşkilinə görə TEAS Press Nəşriyyat evinə təşəkkürünü bildirib: “Biz on il əvvəl gileylənirdik ki, Azərbaycanda kitab mağazaları, nəşriyyatlar yoxdur. Lakin TEAS Press Nəşriyyat evinin fəaliyyəti bu boşluğu doldurdu. Bu müsabiqəni mən də alqışlayıram. İnanıram ki, gənclərin düşüncəsini bilmək baxımından müsabiqə maraqlıdır. İstedadlı gəncləri cəlb edib rəqabət mühiti yaratmaqla, yeni əsərlər ortaya qoyulacaq. Hesab edirəm ki, müsabiqənin çox yaxşı nəticəsi olacaq”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu isə qeyd edib ki, ədəbi müsabiqələr xalqların ədəbi tarixində böyük yer tutur: “Bu cür müsabiqələr istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir. Mən TEAS Press Nəşriyyat evini ürəkdən təbrik edirəm".

Şair Rasim Qaraca TEAS Press Nəşriyyat evinin təşəbbüsünü alqışlayıb və müsabiqənin şərtləri barədə fikirlərini bölüşüb.

Daha sonra müsabiqənin şərtləri elan olunub.

Müsabiqənin şərtlərinə görə, iştirakçıların yaş həddi 18-35 arasında olmalıdır. Əsərlərin müsabiqəyə qəbulu iyunun 3-dən başlayacaq və avqustun 31-dək davam edəcək. Hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, heç bir çap və media orqanında yayımlanmayan bir roman təqdim edə bilər. Ümumilikdə müsabiqəyə təqdim edilən romanın həcmi 250 səhifəni (hər səhifə boşluqlarla birgə 2000 (iki min) işarədən hesablanmaqla) keçməməlidir. Müəlliflər müsabiqəyə həcmi 15 (on beş) min işarədən çox olmamaqla, əsərin 3 ixtiyari hissəsindən seçmələr də təqdim etməlidirlər. Əsərlər fərdi qaydada – müəlliflərin özü və yaxud, müstəsna hallarda onun adından çıxış edə biləcək şəxs (ailə üzvü, səlahiyyətli nümayəndəsi və s.) tərəfindən təqdim olunmalıdır (Şəxsiyyəti təsdiq edən sənədin surəti ilə birgə).

Müsabiqə “Uzun siyahı”, “Qısa siyahı” və yekunda qaliblərin müəyyən edilməsi olmaqla - üç mərhələdə keçiriləcək.

Hər mərhələnin sonunda növbəti mərhələnin gedişi və başa çatma zamanı barədə ayrıca məlumat veriləcək.

Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar.

I yerin sahibinə 2 min manat pul mükafatı veriləcək, həmin əsər TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı keçiriləcək.

II yerin sahibinə 1500 manat, III yerin sahibinə isə 1000 manat pul mükafatı veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR