VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub - FOTO

VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub - FOTO
# 05 oktyabr 2022 10:15 (UTC +04:00)

Bu gün VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub.

APA xəbər verir ki, açılış tədbirində Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, dünya şöhrətli tarixçi İlber Ortaylı, Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin direktoru Akif Marifli və digər mədəniyyət və ictimaiyyət nümayəndələri, həmçinin Türkiyə, İran, Özbəkistan kimi ölkələrdən qonaqlar iştirak edir.

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə kitabçılığa olan qayğıdan söz açıb: "Ölkəmizdə kitab çapı, kitabın təbliğatı daima dövlətimizin diqqətindədir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan kitabla bağlı, onun təbliği ilə bağlı hər zaman təşəbbüslər göstərir. Bugünkü sərgi də bunun bariz nümunəsidir".

Mədəniyyət naziri Anar Kərimov kitab sərgisinin ənənə halını aldığını diqqətə çatdırıb: "Hər bir xalqın böyüklüyü onun kitaba olan münasibəti və qayğısı ilə ölçülür. 44 günlük Vətən müharibəsindən və zəfərimizdən sonra artıq Qarabağda da kitaba və ədəbiyyata, mədəniyyətə bağlı ənənələri davam etdirməkdəyik. Bu, Azərbaycan dövlətinin əsas daxili siyasətlərindən biridir".

Anar Kərimov builki sərginin fəxri qonağının Türkiyə olduğunu qeyd edib: "Qardaş Türkiyənin builki sərgidə fəxri qonaq kimi iştirakı, əminəm ki, iki ölkə arasında kitab dövriyyəsi, kitab sənayesi və ədəbiyyatla bağlı bütün sahələrə öz töhfəsini verəcək".

Azərbaycan Yazçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin təşkilini Azərbaycan xalqı üçün bayram kimi qiymətləndirib: "Kitab nəsildən-nəslə ötürülən, ənənəyə çevrilən və insanları bir-birinə bağlayan bir nəsnədir. Əvvəllər başqa ölkələrdə bu cür kitab sərgilərini görəndə, bir növ, paxıllıq edirdik. İndi isə artıq bu cür sərgilər bizdən uzaq deyil. Bu, bir bayramdır".

Çıxışlar bitdikdən sonra sərginin simvolik qırmızı lenti kəsilib və sərgi açıq elan olunub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 9-dək davam edəcək. Sərgidə 16 ölkədən (Türkiyədən 40, Rusiyadan 4, İrandan və Özbəkistandan da həmçinin, 4 nəşriyyat) nəşriyyat, 60-dan çox xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR