Vulf Dorn: “Qayıdandan sonra mütləq sizin yazıçılarınızı oxuyacağam” - MÜSAHİBƏ

Vulf Dorn: “Qayıdandan sonra mütləq sizin yazıçılarınızı oxuyacağam” - MÜSAHİBƏ
# 08 fevral 2023 10:48 (UTC +04:00)

APA almaniyalı yazıçı Vulf Dornun Kulis.az-a müsahibəsini təqdim edir.

Biz onunla küləkli bir gündə görüşdük. “LİBRAFF” kitab mağazaları şəbəkəsinin və “TEASS Press” nəşriyyatının təşkilatçılığı ilə Bakıya ilk səfəri idi. “LİBRAFF”ın “Park Akademiya” filialı, demək olar ki, ağzına qədər dolmuşdu. Hamı kitabını alıb, sevimli yazıçısını gözləyirdi.

İçəri daxil olarkən qabağına kim çıxdısa, görüşdü, şəkil çəkdirdi, Azərbaycan dilində salamlaşdı. Saçlarını yuxarı darayıb, gödəkcə və cins şalvar geyinmişdi. Sözlərin sonunu uzadır, heç nə başa düşməsə də, maraqla adamlara baxırdı. Bizim üçün ayrılan yerə keçib, söhbətimizə başladıq.

– Bakıya ilk dəfədir gəlirsiniz. Özünüzü burda necə hiss edirsiniz, təəssüratlarınız nələrdir?

– Bu ölkə çox gözəldir. Hər şey inanılmazdır. Dünən şəhəri gəzməyə çıxmışdıq. Çoxlu insan görmüşəm. Burda hamı pozitiv və mehribandır. Xoş təəssüratlarla ayrılacağam.

– Yazmağa nə vaxt və necə başlamısınız?

– Mən çox gənc yaşlarımdan yazmağa başlamışam. 12 yaşından qısa hekayələr yazırdım. Amma ilk çap olunan hekayəm isə 16 yaşında oldu. İlk romanım isə 40 yaşımda çap olunub. Bu müddət ərzində isə dayanmadan yazmışam.

– Almaniyada çap olunmaq necə prosesdir? Çətindir, yoxsa sadə?

– Əslində, mənim bəxtim gətirdi ki, orda çox yaxşı agentim vardı. Mən onunla işlədiyim üçün rahatlıqla çap oluna bilirdim. Ümumən, çap olunmaq elə də asan məsələ deyil.

Amma bir şeyə inanıram ki, əgər yaxşı hekayən varsa, mütləq həmin hekayəni hansısa nəşriyyat tapır və çap edir. Mən buna əminəm.

– Yazı prosesiniz necədir? Yazmağa gündə nə qədər vaxt ayırırsınız?

– Bilirsiniz, bu həmin gündən asılıdır. Hər gün eyni əhvalda olmursan. Amma buna baxmayaraq, hər gün səhər tezdən dururam. Saat 6-da. Qəhvəmi içirəm və yazmağa başlayıram. Saat ikiyə doğru tamamlamağa çalışıram. Arada nahar fasiləsinə çıxıram. Günortadan sonra isə heç nə yazmıram, çünki həmin vaxtlar yazmaq faydasızdır. Bu proses hər gün belə olmasa da, əksərən belə olur.

– Triller, qorxu, cinayət janrında yazırsınız. Bu janrın əsas xüsusiyyətləri nələrdir? Niyə bu janrda yazırsınız?

– Bu, əslində, emosiyalara işləməkdir. Fikirləşirəm ki, janrların əsas xüsusiyyəti odur ki, insanı ifadə edirlər. Biz insan kimi çoxlu qaranlıq dövrlərdən keçirik və bu hekayələr bizim üçün katarsis rolunu oynayır.

Əslində, bu janrın niyə çox oxunduğunu, niyə populyar olduğunu, nə üçün bu janrda yazdığımı saatlarla sizə izah edə bilərəm. Hətta kitab yazmaq belə olar. Amma təəssüf ki, vaxtımız çox azdır.

– Ümumiyyətlə, öz yazı təcrübələriniz haqqında kitab yazmaq fikriniz var? Məsələn Stiven Kinqin “Yazı sənəti” kimi.

– Hazırda elə fikrim yoxdur. Amma gündəlik tuturam. Hər dəfə romanı yazdıqca qarşılaşdığım və öyrəndiyim çətinlikləri ora qeyd edirəm, bu haqda uzun müddət düşünürəm. Bəlkə, bir gün, həqiqətən də, dəyərli məhsul olsa, bu haqda düşünə bilərəm, amma indi belə planım yoxdur. Adicə Stiven Kinqin kitabı belə kifayət qədər vacibdir və o bəs edir.

– Almaniyada yazıçı olmağın perspektivləri nələrdir? Kitablarınız neçə nüsxə ilə çıxır və nə qədər satılır?

– Əslində, demək çətindir. Mən ildə, iki ildə bir kitab çıxarıram və hamısı çox yaxşı satılır. Amma hazırda Almaniyada rəqabət güclüdür. Striminq şirkətlər çoxdur. Onlar məhsulun birbaşa müəllifi olmasalar da, dolayı yollarla müəlliflik hüquqlarını alırlar. Alıcılar da istədiyi məhsulu həmin şirkətlər sayəsində rahatlıqla əldə edirlər.

Almaniyada kitab oxuyanlar çoxdur. Çünki kitab beyni və təxəyyülü inkişaf etdirəcək məhsullardandır.

– Müasir dünyada kitabın yeri haradadır? Sürət əsrində kitab yox olmağa doğru gedəcəkmi?

– Bu haqda yüzlərlə fərziyyə var. Kimi deyir, yox olacaq, kimi deyir, qalacaq, kimi deyir, elektron kitaba keçəcəyik. Amma bunlara inanmıram. Bir kitabı açarkən yeni dünyaya səyahət edir və bunu hiss edirsən. Bu hissi heç nə əvəz edə bilməz. Ona görə də kitab daima oxunacaq.

– Bəs Almaniyadakı kitab sənayesindən razısınızmı?

(gülür) Məni buna cavab verməyə məcbur etməyin. 14 ildir bu sahədəyəm və kifayət qədər təcrübəm var. Keçmişdə daha yaxşı idi. İndi inkişaf zəifdir. Ümid edirəm ki, daha yaxşı olacaq.

– Yəni razı deyilsiniz?

– Həm hə, həm yox. Daha pis də ola bilərdi, daha yaxşı da ola bilər.

– Mövzularınızı necə seçirsiniz?

– Hekayəni yazanda əvvəlcə başlığını, sonra isə sonluğunu qoyuram. Bu şəkildə yaza-yaza obrazla tanış oluram. Birdən obraz mənə deyir ki, yox, sənin dediyini etməyəcəm. Və bu şəkildə proses davam edir.

– Gündəlik oxu prosesiniz necədir?

– Hər gün nəsə oxuyuram. Fiziki olaraq oxuya bilməsəm də, audio-kitab dinləyirəm. Oxumadığım gün yoxdur.

– Sevdiyiniz yazıçılar kimlərdir?

– Sevdiyim yazıçılar həddindən artıq çoxdur. Amma ən başda, əlbəttə ki, Stiven Kinqdir. O həm də məni yazıçılığa başlamağa, təxəyyülümü açmağa ilhamlandırıb. Hətta bir neçə il əvvəl onunla görüşmüşəm və kitablarımı imzalatdırmışam.

– Azərbaycandan kimisə tanıyır və oxuyursunuzmu?

– Ağlımda bir ad yoxdur. Almaniyadan çox fərqli bir mədəniyyətiniz var. Buna görə qayıdandan sonra mütləq sizin yazıçılarınızı oxumağa başlayacağam.

– Yazmaq istəyən, amma yazıya necə başlayacağını bilməyən adamlara hansı tövsiyələriniz nələrdir?

– Sadəcə yazsınlar. Otursunlar və yazsınlar. Çətini ilk addımı atmaq, başlamaqdır. Özüm də çətinliyə düşəndə bu qaydanı tətbiq edirəm. Sadəcə və sadəcə yazmaq. Bu həmişə işə yarayır.

Tərcüməçi: Çinarə Əhmədova

Foto: Orxan Kərimov © APA Group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR