"Xalq Əmanəti" layihəsində Mirzə Şəfi Vazehin yaradıcılığından ibarət kitab çap olunub

"Xalq Əmanəti" layihəsində Mirzə Şəfi Vazehin yaradıcılığından ibarət kitab çap olunub
# 21 iyun 2019 20:31 (UTC +04:00)

Bu gün "Xalq" Bankın "Xalq Əmanəti" layihəsindən növbəti kitab təqdim olunub.

APA-nın məlumatına görə, sayca on səkkizinci nəşr böyük Azərbaycan şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr edilib.

Kitab üç dildə - Azərbaycan, rus və alman dillərində çap olunub.

Layihənin redaktoru, şair Səlim Babullaoğlu bildirib ki, kitab beş ildən çox müddət ərzində, müxtəlif ölkələrinin çoxsaylı araşdırmaları nəticəsində ərsəyə gəlib: "Bu kitabda həm klassik, həm də müasir təcrübələr yer alıb. Vazehi Azərbaycan oxucuları daha çox Aslan Aslanovun, qismən Xəlil Rzanın və başqa şairlərin tərcümələrindən tanıyır. Bu gördüyünüz kitab bizə doğru 170 ilə yaxın yol gəlib və 170 il sonra ilk dəfədir ki, Vazehin bütün şeirləri Azərbaycan dilinə çevrilib".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək "Xalq Əmanəti" layihəsini yüksək qiymətləndirib: "İndiyə qədər Mirzə Şəfi Vazehin yaradıcılığı bizdə bu qədər geniş tədqiq olunmayıb, onun yalnız qırx-əlli şeirləri ilə tanış idik. Bu kitabda isə onun bütün yaradıcılığı öz əksini tapıb. Düşünürəm ki, bu kitab Vazeh yararadıcılığı haqqında çox qiymətli əsərdir".

Daha sonra akademiklər Nizami Cəfərov, Rafael Hüseynov və Muxtar İmanov, araşdırmaçı Orxan Aras və başqaları çıxış ediblər.

Əlamətdardır ki, kitabın nəşri şairin anadan olmasının 225-ci ildönümünə təsadüf edir.

Qeyd edək ki, "Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR