Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub

Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub 
  • Clock-gray 10:29
  • calendar-gray 15 Oktyabr 2019

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” adlı yeni romanı işıq üzü görüb.  

APA-nın məlumatına görə, kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarovdur.

Kitabda K.Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb. 

Roman “Azərnəşr”də işıq üzü görüb.  

Əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. 

Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu K.Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

Qeyd edək ki, “Sirlərin sərgüzəşti” müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarından sonra sayca dördüncü romanıdır.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date