Azərbaycanlı müəllifin kitabı Fransada təqdim olunub

Azərbaycanlı müəllifin kitabı Fransada təqdim olunub
# 27 iyun 2018 20:27 (UTC +04:00)

Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyevin iştirakı ilə müəllifi olduğu «Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil » fransız dilində kitabının təqdimatı və müzakirəsi keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimi Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin Fəxri üzvü Jan Fransua Mansel, yazıçı-publisist, Fransa Yəhudiləri Cəmiyyətinin üzvü, professor Jan Pyer Alali və Paris I Universitetinin (Panteon-Sorbon) Geosiyasət Coğrafiya üzrə professoru Jacques Soppelsanın iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel ilk öncə Dağlıq Qarabağ münaqişəsi haqqında, onun tarixi, yaranma səbəbləri barədə iştirakçılara məlumat verib. O təəssüflə bildirib ki, Fransa və bir çox digər ölkələr bu münaqişə haqqında xəbərsizdirlər. O, kitabın Fransız cəmiyyəti və bütün dünya ictimaiyyəti üçün, Dağlıq Qarabağ münaqişənin tanıdılmasında əhəmiyyətli olacağını bildirib.

Kitab barəsində rəy bildirən professor Jak Sopelsa tarixi və hüquqi faktlara əsaslanaraq münaqişənin hüquqi aspektini təqdim edən bu kitabın, fransız cəmiyyəti və dünya ictimaiyyəti üçün vacibliyini qeyd edib. Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti Jan Pier Alali Azərbaycanı sülhsevən bir ölkə kimi tanıdığını bildirib. O Azərbaycanın güclü bir orduya malik olmasına baxmayaraq, hər zaman Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istədiyini və Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev qeyd edib ki, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən, o cümlədən bu gün də davam edən təcavüzkarlıq və soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətin gözü qarşısında aparılması beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Əmir Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü və nümunəvi demokratik dövlət olan Fransanın erməni cinayətkarlarının beynəlxalq məsuliyyətə cəlb edilməsini nəzərdə tutan Beynəlxalq Cinayət Tribunalının yaradılması ideyasını dəstəkləyəcəyini ümid etdiyini bildirib.

Tədbirin sonunda professor Əmir Əliyev və təqdimatın digər iştirakçıları kitaba böyük maraq nümayiş etdirən dinləyicilərin suallarını cavablandırıblar. Həmçinin bütün tədbir iştirakçılarına kitabın müəllifi tərəfindən imzalanmış nüsxələri hədiyyə edilib. Tədbirdə 100-ə yaxın tanınmış fransız alimləri, mədəniyyət xadimləri və ziyalıları iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR