Ədəbiyyat adamı - MƏQALƏ

Ədəbiyyat adamı - <span style="color: red;">MƏQALƏ
# 14 may 2018 10:12 (UTC +04:00)

Əziz Elçin müəllim, dünən Sizin 75 yaşınız tamam oldu. Açığı, bu rəqəm məni həm sevindirir, həm də kövrəldir. Sevinməyimin səbəbi – bu yaş həddinə illərin və hadisələrin axarıyla zatən dəyişmədən, həmin nəcibliklə, şəxsiyyət, alim və yazıçı kamilliyi, dərin elmi-analitik təfəkkür, ədəbiyyata və onun adamlarına hər zaman duyduğunuz sevgi və sədaqətinizlə gəlib çatmağınızdır. Kövrəlməyimin səbəbi – bu illərin içində olanlar, hələ də ilğımvari işartılarla yanıb sönə-sönə Sizinlə birlikdə yol getməyə, yaşamağa davam edənlərdir... Unudulmaz ədəbiyyat və xalq adamları İlyas Əfəndiyev, Əli Vəliyev, Məsud Əlioğlu, Hüsü Hacıyev küçəsi 19, bu əfsanəvi Yazıçılar Binasının tarixi sakinləri – uzaq uşaqlıq illərində tez-tez həyətimizdə, pilləkənlərdə, evimizdə, yaxud ikinci ev saydığımız Yazıçılar İttifaqında rastlaşdığımız, yaxın qohumlarımız, əmi-dayı bildiyimiz İsa Hüseynov, İsmayıl Şıxlı, Kamal Talıbzadə, Zeynal Xəlil, Əliağa Kürçaylı, Salam Qədirzadə, Hüseyn Abbaszadə, Qabil, daha kimlər və kimlər…

Bu gün bu yubiley tarixi ilə bağlı təsirləndiyim ayrı məqamlar da var. Bu, Sizin hələ lap gənclik illərindən özünüzü hər şeydən təcrid edib bütünlüklə ədəbiyyata bağlanmağınız, illərin və hadisələrin axarıyla iş yerinizi, vəzifənizi dəyişsəniz də, ədəbiyyatı, Bədii Sözü hər şeydən uca tutmağınız, hər zaman heç nəyin fərqinə varmadan, böyük Ədəbiyyat Adamı olaraq qalmağınızdır.

Bir insanın o biri insan üçün təmənnasız olaraq nə isə etməsi hər zaman məndə qəribə kövrəklik hissi yaradıb. Sizin timsalınızda bu təmənnasızlığın miqyası xeyli böyükdür və göz önünə böyük bir xalq, millət üçün görülən misilsiz işlər, Vətənə, milyonlarla insana yarım əsrdən çox zaman kəsiyində göstərilən təmənnasız xidmətlər gəlir.

Məni təsirləndirən, həm də qürurlandıran digər məqam – Sizin gəlib çatdığınız bu yaş həddindən qat-qat yaşlı əsərlər külliyyatınızın – Azərbaycanın ədəbi fikir, elm, teatr tarixində öz layiqli yerini tutmuş unikal yaradıcılıq irsinizin, eyni zamanda bu gün hər sahədə nadir rast gəlinən və bu səbəbdən, sözün əsl mənasında, təbərrükə çevrilən Mükəmməl Ədəbi Dil Nümunələri olması, Azərbaycan dilinin, ondan istifadə mədəniyyətinin qorunmasına və zənginləşməsinə xidmət etməsidir.

Azərbaycanın ədəbi-mədəni, elmi-ictimai həyatı üçün əlamətdar olan bu tarixi gündə milli ədəbiyyatın, mədəniyyətin, ədəbiyyatşünaslıq elminin tərəqqisi naminə göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə, ilk növbədə, vətəndaş minnətdarlığımı bildirir, milli-mənəvi maarif uğrunda göstərilən bu əvəzsiz xidmətin, ərsəyə gətirilmiş titanik əməyin daim öz bəhrəsini verəcəyinə, ziyasını bu xalqdan, millətdən əsirgəməyəcəyinə inanıram.

Yolunuz aydın və rəvan olsun! Yaradıcılıq əzminiz, ədəbiyyata, bədii Sözə sevginiz tükənməsin! Bu 75 ilin axarıyla Sizi isti, doğma ata ocağıtək qoruyan müqəddəs xatirələr, yüksək amal, əqidə və məslək sahibləri olan o işıqlı, nurlu simalar hamımızın köməyi olsun!

Afaq Məsud

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR