Zakir Fəxrinin “Şeirlər” kitabı təqdim olunub

Zakir Fəxrinin “Şeirlər” kitabı təqdim olunub
# 23 aprel 2018 12:35 (UTC +04:00)

Atatürk Mərkəzində Azərbaycanın tanınmış şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin ziyalıları, elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov şairin yaradıcılığından, poetik dünyasının zənginliyindən və özünəməxsusluğundan danışıb: “Zakiri ədəbiyyata, poeziyaya, sonralar formalaşıb poetik “mən”ə çevriləcək insan “mən”i gətirdi. Zakir Fəxrinin həmin o poetik “mən”i yalnız poeziyasında yox, onun məqalələrində, müsahibələrində, dünya poeziyasından çevirdiyi çoxlu sayda poetik tərcümələrində də özünü biruzə verdi. Bu poetik “mən” nə qədər gerçəkliyin mistikasıdırsa, bir o qədər də mistikanın gerçəkliyidir, nə qədər irreallığın reallığıdırsa, bir o qədər də reallığın irreallığıdır”.

Sonra söz tədbir iştirakçılarına verilib. Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, millət vəkili Musa Quliyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, professor Qulu Məhərrəmli, akademik Hətəm Quliyev, tənqidçi Vaqif Yusifli, şair Vaqif Bəhmənli və digər qonaqlar şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitab şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilib. Kitaba müəllifin ingilis və Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yaza və yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR