Türkmənistan gələn ildən SWAP üzrə Azərbaycana qazın tədarükünə başlayacaq

Türkmənistan gələn ildən SWAP üzrə Azərbaycana qazın tədarükünə başlayacaq
# 23 dekabr 2021 14:49 (UTC +04:00)

Türkmənistan cari ilin noyabrında imzalanmış qaz mübadiləsinə dair üçtərəfli müqavilə (SWAP) çərçivəsində İran vasitəsilə Azərbaycana qazın nəqlinə gələn ilin əvvəlindən start verəcək.

"APA-Economics"in İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran neft naziri Cavad Oci bildirib.

"SWAP müqaviləsinin həcmi ildə 1,5-2 mlrd. kubmetr təbii qazı əhatə edir və biz bunu ilin soyuq mövsümündə ölkənin şimal bölgələrinin təbii qaz şəbəkəsinin sabitliyinə kömək etmək üçün də istifadə edə bilərik", - nazir qeyd edib.

Qeyd edək ki, öncə müqavilə üzrə qaz tədarükünün dekabrın son dekadasında başlanacağı bildirilirdi.

Xatırladaq ki, noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb.

Türkmənistan Azərbaycan tərəfinə İran vasitəsilə gündə 5-6 mln. kubmetr qaz nəql edəcək, illik həcm 1,5-2 mlrd. kubmetr olacaq.

SWAP müqaviləsi çərçivəsində İran Türkmənistan qazını Azərbaycana tədarük etməklə özünün beş əyalətinin qaz ehtiyacını təmin edə biləcək.

SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək. Üçüncü ölkələr vasitəsilə belə ixrac sxemləri karbohidrogenlərin birbaşa ötürülməsi üçün hazır infrastruktur olmadıqda tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR