Ceyhun Bayramov kanadalı həmkarını Ermənistan silahlı qüvvələrinin təxribatları barədə məlumatlandırıb

Ceyhun Bayramov kanadalı həmkarını Ermənistan silahlı qüvvələrinin təxribatları barədə məlumatlandırıb
# 17 sentyabr 2022 21:10 (UTC +04:00)

17 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Melani Joli arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən məlumata görə, Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın məqsədyönlü təxribatlarının və normallaşma prosesinə maneələrinin silsilə xarakteri daşıdığı, son təxribatlarda 79 hərbi qulluqçumuzun həlak olduğu vurğulanıb.

Nazir Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyi və son 30 il ərzində keçmiş münaqişənin məhz bu prinsiplər əsasında həllini dəstəklədiyi barədə məlumat verib. Azərbaycanın bölgədə yenidənqurma işləri həyata keçirdiyi və külli miqdarda sərmayələr qoyduğu, məcburi köçkünləri öz yurdlarına qaytardığı bir dönəmdə vəziyyətin gərginləşməsində maraqlı olmadığı və Ermənistan ilə normallaşma prosesini irəlilədən tərəf olduğu bildirilib.

Kanada xarici işlər naziri Melani Joli bölgədə gərginlikdən narahatlığını diqqətə çatdırıb, atəşkəsə əməl olunmasının əhəmiyyətini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb. Minasızlaşdırma səylərinin əhəmiyyəti diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR