Deputat: Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı mina terroruna biganə qalmamalıdır

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 26 may 2023 18:26 (UTC +04:00)

Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, bu təhdidlər mina terrorunun davam etməsində də özünü göstərir: “Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə torpaqlarımızın dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir”.

Fatma Yıldırım qeyd edib ki, ANAMA və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının əsas məqsədi də Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır. Azərbaycanın ev sahibliyi etdiyi konfransda 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edib. Bu da mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaradır: “Məlumdur ki, konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar Ağdama səfər çərçivəsində iştirakçılar bərpa-quruculuq planları ilə tanış olub, mina partlayışları nəticəsində zərərçəkmiş amputant futbolçuların oyununu izləyib”.

Deputat nəzərə çatdırıb ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır: “Erməni işğalı dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan 57 nəfər həlak olub, 245 nəfər isə yaralanıb. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-i həyatını itirib. Təəssüf ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar basdırmağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb”.

Fatma Yıldırım bu gün Azərbaycanda minatəmizləmə fəaliyyətinin dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirildiyini bildirib: “Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi isə hələ ki, çox məhduddur. Biz ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyirik. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalı, Ermənistanın bu cinayətkar əməllərini pisləməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR