Deputat: Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün vacib platformadır

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 21 yanvar 2023 18:31 (UTC +04:00)

“Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün vacib bir platformadır. Bizim qalib ölkə kimi bu foruma qatılmağımız həm siyasi, həm də iqtisadi cəhətdən ölkəmizə böyük töhfə verir. Prezident İlham Əliyevin forum çərçivəsində bölgədə baş verən prosesləri dünyaya çatdırması, keçirdiyi görüşlər işğaldan azad olunmuş torpaqlarımıza yeni investisiya cəlbi baxımdan olduqca önəmlidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, Davos Dünya İqtisadi Forumu 1974-cü ildən bəri keçirilir və 2021-ci ildə onlayn, 2022-ci ildə isə vaxtı dəyişdirilərək may ayında təşkil olunub. Bu forum hər il yüksək səviyyədə keçirilən tədbirdir. Bu forumun əsas özəlliyi dövlət və özəl sektorun dünya qarşısında duran iqtisadi mövzuları birgə müzakirə etməsidir.

Deputat qeyd edib ki, Azərbaycan da daim Davos Dünya İqtisadi Forumunda iştirak edir: "Prezident hər il ölkəmizdə aparılan iqtisadi islahatlar, gələcək gözləntilər, yeni çağırışlar barədə həm məruzələrində, həm də debatlarda geniş məlumat verir. Davos Dünya İqtisadi Forumu ölkəmizin imkanları, dövlət olaraq daha yaxşı tanınması üçün çox yaxşı platformadır. Prezident də bu imkanlardan geniş surətdə istifadə edir. Bu isə təbii ki, ölkəmizin müsbət şəkildə imicinin formalaşdırılması, daha geniş arenada tanıdılması üçün çox yaxşı effekt verir”.

Deputat bildirib ki, COVİD-19 pandemiyasından sonra dünyadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin hər biri dünyada çox çətin həll olunan problemlər yaradıb: “1970-ci ildən bu günə qədər dünyada ən böyük iqtisadi geriləmə hiss edilir. Buna görə də bu il keçirilən Davos Dünya İqtisadi Forumu bütün bu problemlər üzrə geniş müzakirələrin təşkil edilməsinə şərait yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev də Davos Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panellərdə, keçirilən görüşlərdə ölkəmizin iqtisadi uğurları, işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən layihələr, bərpa-tikinti işləri və bu prosesdə dünyanın böyük şirkətlərinin iştirak etməsi üçün çox yaxşı fürsətin olduğunu nəzərə çatdırdı. Azərbaycanın böyük Qələbəsindən sonra bölgədə yaranmış yeni iqtisadi və siyasi münasibətlər fonunda ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər üçün də imkanlar yaranıb. Müşahidələr də onu göstərir ki, böyük şirkətlər işğaldan azad olunmuş ərazilərə sərmayələrin qoyulması baxımından Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.

Vüqar İskəndərov nəzərə çatdırıb ki, Azərbaycanın Davos Dünya İqtisadi Forumunun keçirildiyi İsveçrə ilə də çox yaxşı münasibətləri var: “Qarşılıqlı iqtisadi əlaqələr və siyasi məsələlərdə hər il daha da inkişaf hiss olunur. Prezidentin bu ölkəyə hər səfəri və ölkə rəhbərlərinin Azərbaycana səfər etmələri ölkələr arasındakı münasibətlərin daha yüksələn xətlə inkişafına təkan verir. Ümumiyyətlə, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət istər beynəlxalq təşkilatlar, forumlar səviyyəsində, istərsə də ayrı-ayrı ölkələr səviyyəsində Azərbaycanı inanılmış və güvənli bir tərəfdaşa çevirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR