Müşfiq Cəfərov: Prezident Avrasiya İqtisadi Birliyinin toplantısında bir daha Ermənistanın ümidini puç etdi

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 26 may 2023 09:07 (UTC +04:00)

Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da, Birliyə daxil olan əksər ölkələrlə geniş iqtisadi əlaqələri var.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, ötən gün Avrasiya İqtisadi Birliyinin növbəti görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin qonaq qismində iştirakı da bu baxımdan təsadüfi deyil: “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, logistik marşrutların mərkəzində yerləşir. Bu mənada Birliyə üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi məqsədəuyğundur. Azərbaycanın iştirakı ilə yeni infrastrukturun qurulması tranzit yükdaşımalarının həcmini artıracaq. Hazırda Azərbaycanın Ermənistan istisna olmaqla, Birliyə üzv ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Buna görə də Azərbaycanın bu formatda təmsil olunan ölkələrlə əlaqələrini genişləndirməsi gözlənilən haldır”.

Müşfiq Cəfərov Prezident İlham Əliyevin çıxışının Avrasiya İqtisadi Birliyinin tarixinə öz möhürünü vurduğunu bildirib: “Ermənistan Zəngəzur dəhlizinin reallaşmaması üçün başqa ölkənin dəstəyinə ümid edirdi və Prezident İlham Əliyev çıxışı ilə bir daha Ermənistanın bu ümidini puç etdi. Digər tərəfdən, Azərbaycanın qlobal iqtisadiyyatda çəkisi günü-gündən artır. Bir çox beynəlxalq təşkilatlar və dövlətlər üçün Azərbaycanın mövqeyi dayanmadan güclənir. Çünki Azərbaycan müstəqil iqtisadi siyasət qura bilib, bununla əlaqədar olaraq milli maraqlarına uyğun ölkələrlə qarşılıqlı tərəfdaşlıqlara imza atır. Bu gün Azərbaycanın hər hansı bir iqtisadi forumun və yaxud ittifaqın bir parçası olmağa ehtiyacı yoxdur. Çünki Azərbaycan dayanıqlı iqtisadiyyata malik, özünü təmin edən ölkədir. Bu, bizə müstəqil xarici siyasət yürütməyə imkan verməklə yanaşı istənilən məsələdə öz qətiyyətimizi ortaya qoymağa imkan verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR