Sahibə Qafarova Serbiyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib

Sahibə Qafarova Serbiyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edib
# 26 may 2023 12:13 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasında rəsmi səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən keçirilən və 28 may - Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib.

Spiker Sahibə Qafarova tədbirdə çıxış edib.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan hələ 1918-ci ildə Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən də xeyli əvvəl qadınlara səsvermə hüququ verən ölkədir. Bu, ilk Demokratik Azərbaycan Respublikasının uğurlarından biri idi. Qeyd olunub ki, Azərbaycanda gender bərabərliyi nəinki bu günə qədər davam edir, həm də irəliləyir və möhkəmlənir.

Ötən il Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinin tamam olduğunu deyən spiker Sahibə Qafarova bildirib ki, bu illər ərzində Azərbaycanla Serbiya arasında münasibətlər dinamik inkişaf edib. Bu gün Azərbaycan ilə Serbiya arasında əlaqələrin möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma ilə fərqləndiyini deyən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birinə göstərilən güclü həmrəylik və dəstək Azərbaycan-Serbiya münasibətlərinin ən mühüm xüsusiyyətlərindən biridir.

Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahələrdə, eləcə də enerji sektorunda sıx əməkdaşlıq mövcuddur. Serbiya ilə Bolqarıstan arasında birləşdirici xəttin tikintisi, Azərbaycandan Avropaya gələcək elektrik enerjisinin ixracı Azərbaycan təbii qazının və elektrik enerjisinin Serbiyaya çatdırılmasına imkan verəcək.

Çıxışında Sahibə Qafarova regionda mövcud vəziyyət barədə məlumat verərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini Ermənistanın 30 illik işğalından azad edərək öz ərazi bütövlüyünü bərpa etməsindən qürurla söz açıb.

Spiker Sahibə Qafarova bildirib ki, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Bu ərazilər "yaşıl enerji" zonası elan edilib. "Ağıllı şəhər”lər və "ağıllı kənd"lər tikilir. Keçmiş məcburi köçkünlərin ilk ailələri artıq evlərinə qayıtmağa başlayıblar.

Sahibə Qafarova işğalın qurbanı olmasına baxmayaraq, məhz Azərbaycanın sülh sazişini təklif etdiyini diqqətə çatdırıb. O, deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa, Qafqazda uzunmüddətli sülh bərqərar olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR