Türkmənistanda ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə yüz ağac əkilib

Türkmənistanda ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə yüz ağac əkilib
# 26 may 2023 14:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Aşqabadda silsilə tədbirlər keçirilməkdədir.

Səfirlikdən APA-ya verilən xəbərə görə, onlardan növbətisi olaraq 26 may tarixində Aşqabaddakı diplomatik şəhərciyin ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya Türkmənistan Xarici İşlər Nazirliyi ilə əvvəlcədən razılaşdırılmışdır. Ağacəkmədə Aşqabadda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, ekoaktivistlər, ictimaiyyət və mətbuat nümayəndələri, soydaşlarımız, Səfirlik kollektivinin ailələri iştirak ediblər.

Tədbir haqqında məlumat verən Fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov aksiya iştirakçılarını salamlamış və tədbirdə yaxından iştiraklarına görə təşəkkürünü bildirib. 2023-cü ilin may ayında Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasət və dövlət adamı, Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olduğunu bildirən Səfir, bu münasibətlə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini diqqətə çatdırıb.

Heydər Əliyevin əziz xatirəsinin Azərbaycanda olduğu kimi Türkmənistanda da daim hörmətlə anıldığını minnətdarlıq hissi ilə qeyd edən Səfir, “Heydər Əliyev İli” ilə bağlı həm Azərbaycanda, həm də Azərbaycandan kənarda, o cümlədən qardaş Türkmənistanda müxtəlif kütləvi tədbirlərin keçirildiyini, bu tədbirlərin əsasən Heydər Əliyevin xüsusi diqqət yetirdiyi mədəniyyət, incəsənət, təhsil, idman, ətraf mühitlə bağlı olduğunu söyləmişdir.

Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə keçirilən müxtəlif tədbirlərdə Türkmən qardaşlarımızın yaxından iştirak etdiklərini deyən Səfir, həm buna görə, həm də Səfirlik tərəfindən Türkmənistanda “Heydər Əliyev İli” münasibətilə keçirilən silsilə tədbirlərə göstərdiyi mənəvi dəstəyə görə Türkmənistan hökumətinə xüsusi minnətdarlığını ifadə etmişdir.

Heydər Əliyevin hər zaman ətraf mühitin qorunması və şəhərlərin yaşıllaşdırılması məsələsinə xüsusi diqqət göstərdiyini yada salan Səfir, bu gün Azərbaycanda olan təbiət qoruqlarının, şəhərlərdəki park və yaşıllıq sahələrinin çoxunun Ümummilli liderin adı ilə bağlı olduğunu diqqətə çatdırmışdır.

Bu gün isə Azərbaycan Səfirliyinin təşəbbüsü ilə Heydər Əliyevin hər zaman şəxsi nəzarətində saxladığı ətraf mühit siyasətinə uyğun olaraq gözəl Aşqabadda ağacəkmə aksiyası keçirmək üçün burada toplanıldığını deyən Səfir, aksiyasının keçirildiyi bu məntəqənin göründüyü kimi, Aşqabaddakı diplomatik şəhərcikdə, Azərbaycan Səfirliyinin yeni inzibati binasının yerləşdiyi əraziyə bitişik sahə olduğunu bildirmiş, ərazinin Səfirlik tərəfindən təmizlənərək abadlaşdırıldığı, xam torpaqla zənginləşdirildiyi və suvarma sistemi ilə təchiz edildiyi barədə məlumat vermişdir.

Bu gün bu sahədə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə yüz ədəd palıd ağacı fidanı əkiləcəyini deyən Səfir, palıd ağacının uzunömürlülük və güc-qüvvət rəmzi sayıldığını və bu gün bu yerdə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə əkilən palıd ağaclarının da əsrlərə söykənən, sarsılmaz Azərbaycan-Türkmən qardaşlığının və dostluğunun rəmzinə çevriləcəyinə əminliyi ifadə etmiş, aksiyada iştirak edən hər kəsə dərin təşəkkürümü bildirmişdir.

Ağacəkmə aksiyasından sonra qonaqlar Səfirliyin binasına dəvət edilmiş, çay süfrəsi ətrafında Heydər Əliyevin xidmətləri haqqında, Azərbaycan və Türkmən xalqlarının əlaqələrinin keçmişi, bu günü və gələcəyi haqqında səmimi söhbət olmuşdur. Qonaqlar Aşqabad kimi isti iqlimə malik şəhərdə, diplomatik şəhərcikdə Heydər Əliyevin adı ilə bağlı ağacəkmə aksiyasının ictimaiyyət tərəfindən olduqca rəğbətlə qarşılandığını bildirmişdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR