XİN başçısı Azərbaycan və Ermənistan arasındakı anklav məsələsindən danışıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 11:53 (UTC +04:00)

“Torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Ötən il torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanla sərhədlərin tam nəzarətə götürülməsi sərhədlərin sivil qaydada müəyyən edilməsinə əsas yaradıb”.

Bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında APA-nın anklavlarla bağlı sualına cavab olaraq bildirib.

“26 noyabrda Soçi görüşündə üçtərəfli format çərçivəsində bu prosesin başlanılması əksini tapıb. Hələ bu ilin may ayında Azərbaycan delimitasiya prosesinə başlanılması üçün İşçi qrupunun yaradılmasına razılıq vermişdi. Ancaq Ermənistan müəyyən şərtlər irəli sürmüş, ona görə bu proses həmin vaxt başlamadı. Bu halda komissiyanın yaradılması uzun, sonu görünməyən prosesə çevrilərdi”, - C. Bayramov qeyd edib.

O vurğulayıb ki, anklavlar məsələsi bir reallıqdır, bunu kimsə inkar edə bilməz: “Müxtəlif xəritələrə istinadlardan asılı olmayaraq, hələ sovet dövründə yüz illər boyu mövcud olan yaşayış məntəqələri olub. Orada dövlət və şəxsi mülkiyyətə aid obyektlər, onlara aid sənədlər olub. Anklavlar məsələsini inkar etmək mümkün deyil. Amma bu məsələlərin mövcud dönəmdə hansı formada həll edilməsi, ora yollar məsələsi və s. var. Anklavlar məsələsinin həlli məhz delimitasiya prosesi zamanı baş verə bilər. Ona görə də Ermənistan-Azərbaycan İşçi qrupunun yaradılması vacibdir. Azərbaycan buna hazır olduğunu bildirib. İşçi Qrupunun yaradılması və prosesin başlaması qısa müddətdə məsələlərin həlli deməkdir? Biz də realist olmalıyıq. Bu, qısa müddətli proses olmayacaq. Bu sahədə sistemli və davamlı işin aparılması vacibdir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, bu proses danışıqlar masasında aparılmalı, hərbçilər arasında hər hansı gərginlik yaradılmamalı, buna imkan verilməməlidir. Bu, ən yaxşı yoldur. Bunun üçün ən yaxşı yol mütəxəssislərin danışıqlar masası arxasında müzakirə aparmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR