Anar Salmanov vəkil tutub, sənədlər məhkəməyə hazırlanır

Anar Salmanov vəkil tutub, sənədlər məhkəməyə hazırlanır
# 28 aprel 2022 13:07 (UTC +04:00)

“Səbail” akademiyasının koordinatoru Mirbağır İsayevi apasport.az saytına açıqlamasına görə məhkəməyə verməklə hədələyən AFFA rəsmisi Anar Salmanov bu işlə bağlı vəkil tutub.

Apasport.az saytının məlumatına görə, sabiq FIFA referisi hüquqşünas Sərxan İbadovla müqavilə imzalayıb. Bu barədə əməkdaşımıza Salmanov özü məlumat verib.

İbadov isə apasport.az saytına açıqlamasında məhkəməyə müraciət üçün ilkin prosedura başladıldığını söyləyib: “Prosedurla bağlı məlumat verə bilmərəm. Bu, vəkil sirridir. Məhkəməyə müraciət etmək üçün hazırlıq işləri görülür, məsləhətləşmələr aparılır. Ən qısa zamanda sənədlər hazır olacaq. Məhkəməyə müraciət hüquqlarını müdafiə etdiyim şəxsdən asılıdır. Biz sənədləri hazırlayıb lazımi məsləhətləri ona verəcəyik”.

Sərxan İbadov məşqçi ilə bağlı tələblərini də bildirib: “Tələbimiz böhtan atan şəxsin sözlərinə, hərəkətinə görə qanun qarşısında məsuliyyətə cəlb edilməsi olacaq. Azərbaycan Respublikasının mülki və cinayət qanunvericiliyi var. Hansı variant tətbiq ediləcəksə, biz də işimizi ona uyğun aparacağıq. Anar müəllimin özü ilə bunu məsləhətləşəcəyik”.

Vəkilin sözlərinə görə, Salmanov məhkəməyə müraciətlə bağlı qərarını dəyişə bilər. Ancaq bunun üçün İsayev ondan üzr istəməlidir: “Məhkəməyə verməklə bağlı fikrini dəyişmək tərəfin hüququdur. Yəni böhtan atan şəxs gəlib insanların qarşısında üzrxahlıq etsə, sözünü geri götürsə, hesab edirəm ki, Anar müəllim fikrini dəyişə bilər”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan “Səbail” rəsmisi Mirbağır İsayev apasport.az saytına açıqlamasında U-17 Liqasında “Keşlə” ilə görüşdə hakim-inspektor Anar Salmanov barədə bu fikirləri səsləndirib: “Salmanov özünü elə aparır ki, sanki göydən düşüb, vaxtilə rüşvəti o yox, biz almışıq, futboldan da onu deyil, məni siliblər. Təhqir eləmədim, sadəcə, bu sözləri üzünə dedim. Dedim ki, rüşvətə görə futboldan uzaqlaşdırılmısan, indi də gəlib hakimə qiymət verirsən. Onu vaxtilə futboldan niyə siliblər? Səslərinə qədər qulaq asmışam”.

Anar Salmanov isə aprelin 24-də əməkdaşımızla söhbətində mütəxəssisə üzr istəməsi üçün iki gün vaxt vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR