APOEL-in baş məşqçisi: "Qələbə üçün xüsusi bir şey etmədim"

APOEL-in baş məşqçisi: "Qələbə üçün xüsusi bir şey etmədim"
# 13 avqust 2019 22:54 (UTC +04:00)

“Çox çətin oyun oldu. “Qarabağ”dan belə çıxış gözləyirdim”.

APA-nın məlumatına görə, bunu APOEL-in baş məşqçisi Tomas Doll deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan Kipr təmsilçisi evdəki məğlubiyyətə (1:2) baxmayaraq, Bakıda 2:0 hesablı qələbə qazanaraq, pley-offa yüksəlib.

Oyunsonrası mətbuat konfransında almaniyalı mütəxəssis bildirib ki, komandasının oyunundan razı qalıb: "Rəqibin necə oynaması ikinci dərəcəlidir. "Qarabağ"ın da şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapımızda qol görməmək böyük klub üçün əla nəticədir”.

Onun sözlərinə görə, qələbələrində penaltidən vurulan qol həlledici rol oynamayıb: "Kiprdəki matçdan fərqli oynadıq. Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olanı komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular".

O bildirib ki, cəsur, ürəklə oynamaları mərhələ adlamalarında mühüm amil olub: "Çox qaçmağımız çox vacib idi. İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə qələbəyə layiq idik".

T. Doll əvəzlədiyi baş məşqçinin də qələbədə əməyinin olduğunu qeyd edib: "Şübhəsiz ki, Paolo Trametsaninin də əməyi var. Mən cəmi 4-5 gündür burdayam. Həmin vaxt köməkçi işləmiş məşqçi də hazırda bizimlədir. O, keçən il komanda ilə çempion olmuşdu. Qələbə üçün mən xüsusi bir şey etmədim. Bunu futbolçularla da demişdim. Bunun üçün heç vaxtım da yox idi. Çox xoşbəxtəm. Sabiq baş məşqçimizə təşəkkürümü bildirirəm. Matça hərtərəfli hazırlamışdıq. 1:0-a kimi 4-3-3-lə çıxış etdik. Ancaq ikinci hissədə müdafiədən çıxmaqda çətinlik çəkdik, rəqibin təzyiqi ilə üzləşdik. Həmin ərəfədə hücumçunu geri çəkdik. Sonradan ikinci qolu vurmaq üçün yenidən 4-3-3-ə qayıtdıq. Çətin olsa da, istədiyimiz nəticəni qazana bildik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR