“Azərbaycan kubokunda “Neftçi” – “Qəbələ” finalına baxdım. Finalı qaçırmaq olmazdı. Düzünü desəm, "Neftçi"nin qalib gələcəyini gözləyirdim. Çünki onların titul qazanması üçün son şans idi. Amma bunu edə bilmədi. Həm də yaxşı futbola azarkeşlik edirdim. Şadam ki, bu alındı və yaxşı futbol gördük”.
Bunu "Neftçi"nin sabiq hücumçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsində deyib.
“Çempion ola bilməmək, kuboku qazanmamaq təbii ki, üzücüdür. "Neftçi" hər zaman güclü olub və həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Çempionluqlar, kuboklar qazanmağı bacarıblar. Amma bu mövsüm onlarda alınmadı. Nə və kimi dəyişmək lazımdır, onu artıq rəhbərlik deyə bilər”, - o qeyd edib.
Subaşiç “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla bağlı suala isə belə cavab verib: “Baş məşqçi komanda üçün çox şeyi ifadə edir. Əgər sən doğru baş məşqçi seçmisənsə, bu, uğurun əsas hissələrindəndir. Regekampfın doğru seçim olmadığını da demirəm. Ümumi danışıram. Yəqin ki, "Neftçi"də də dəyişikliklər olacaq. Baş məşqçini dəyişəcəklər, ya yox, onu zaman göstərəcək”.
Subaşiç "Neftçi"nin avrokuboklarda uğurlu nəticələr qazanaraq azarkeşləri sevindirəcəyinə ümidini ifadə edib.