Dünya çempionatının iki ildən bir keçirilməsi növbəti dəfə müzakirə olunacaq

Dünya çempionatının iki ildən bir keçirilməsi növbəti dəfə müzakirə olunacaq
# 20 dekabr 2021 09:27 (UTC +04:00)

Bu gün FİFA milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək.

Apasport.az saytının məlumatına görə, AFFA da daxil olmaqla ali futbol qurumuna üzv olan 211 federasiyanın qatılacağı iclasda dünya çempionatının iki ildən bir keçirilməsi növbəti dəfə müzakirə olunacaq.

FİFA prezidenti Canni İnfantino bu ideyanı təbliğ etmək üçün futbol federasiyalarından dəstək almağa ümid edir. UEFA və KONMEBOL dəyişikliklərin turnirə marağı azaldacağını düşünərək, İnfantinonun layihəsinə qarşıdır.

FİFA rəhbəri quruma əlavə gəlir mənbələri tapmağa çalışır. Mundialın keçirildiyi illərdə təşkilatın gəlirləri xeyli artır. Məsələn, DÇ-2018-ə görə həmin il 4,6 milyard dollar qazanan FİFA bir il sonra cəmi 766 milyon dollar əldə edib.

Hazırda futbolçular ilin təxminən 50 gününü milli komandalarda keçirirlər. Bu isə o deməkdir ki, onlar vaxtının 80 faizində klubların düşərgəsində olur. FİFA islahatlar olacağı təqdirdə, bu bölgünü saxlamağa söz verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR