Əlavə vaxtı tarix yazmaq üçün gözləyək? - ARAŞDIRMA

Əlavə vaxtı tarix yazmaq üçün gözləyək? - ARAŞDIRMA
# 25 iyun 2021 10:53 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsi başa çatandan sonra yaranan fasilənin ilk gününə damğasını vuran UEFA tarixi qərara imza atdı.

Apasport.az saytının məlumatına görə, qurum avrokuboklarda səfər qolu qaydasını ləğv etdi.

66 ildir qüvvədə olan prinsip 2021/22 mövsümündən “işləməyəcək”. El arasında deyildiyi kimi “köhnə kənddə yeni qayda” gətirən UEFA-nın bu dəyişikliyi hələ çox müzakirə olunacaq.

Mütəmadi olaraq narazılıqlarla müşayiət olunan səfər qoluna az-çox öyrəşən klublar dəyişikliyin müsbət və mənfi tərəfləri ilə gələcəkdə çox rastlaşacaq. Səfər qolunun ədalətsizliyindən şikayətlənənlər bundan sonra daha çox əlavə vaxt və penaltilər seriyası ilə üzləşəcək. Bu iki məqam da daim narazılıqlar yaratdığından şikayətlərin artması qaçılmazdır. Amma bunlar hamısı öz yerində, səfər qolunun Azərbaycan futboluna nələr verdiyinə nəzər salaq.

Avrokuboklarda 1994-cü ildə debüt edən klublarımız səfər qolu ilə tarixlər yazıb. UEFA-nın ləğv etdiyi qaydanın ən çox xeyir verdiyini ölkələrdən biri, bəlkə də birincisi elə Azərbaycandır.

Avrokuboklar tarixində ilk dəfə mərhələ adlamağımız məhz səfər qolu sayəsində gerçəkləşib. “Qarabağ” 1999-cu ildə İntertoto kubokunda “Makkabi”ni İsraildəki qolların hesabına keçərək tarix yazıb.

Ağdam klubu növbəti tarixləri də bu yolla gerçəkləşdirib. Qurban Qurbanovun yetirmələri ilk dəfə qrupa düşdükləri 2014-cü ildə Avropa Liqasının pley-offunda “Tvente”ni Niderlanddakı tarixi qolla üstələyib.

3 il sonra Azərbaycan tarixində ilk və hələlik son dəfə Çempionlar Liqasında təmsil olunduğu üçün də səfər qoluna minnətdar olmalıyıq. Axı “Qarabağ” “Kopenhagen”i də Danimarkadakı qolla adlayıb.

Bir dəfə zəif “Streymur”u da səfər qolu ilə keçən “Qarabağ” bu qaydadan sonuncu - 5-ci xeyri 2 il öncə görüb. “Linfild” üzərində qələbə komandanı Avropa Liqasının qrupuna daşıyıb.

Rəqib meydanındakı qolla tarix yazan təkcə “Qarabağ” olmayıb. “Qəbələ” ilk dəfə Avropa Liqasının qrupuna düşdüyü 2015/16 mövsümündə Yunanıstandakı qollarla “Panatinaikos”a yerini göstərib.

“İnter” tarixində ilk dəfə Çempionlar Liqasında tur adladığı vaxt “Rabotniçki”ni, sonradan “Laçi”ni bu yolla keçib. “Neftçi”nin də iki uğuru səfər qolu ilə bağlıdır. “Ağ-qaralar” tarixində ilk dəfə Çempionlar Liqasında mərhələ keçəndə “Şiroki Briyeq”i, bir neçə il sonra “Nitra”nı səfər qolu qaydası sayəsində üstələyib.

Səfər qolu ilə üzüldüyümüz vaxtlar da olub. Lakin cəmi 4 dəfə. “Kəpəz”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Neftçi” hərəyə bir belə uğursuzluq yaşayıb. Bunlardan da heç biri tarixi məqamda, qrupa düşməyin bir addımlığında - pley-off mərhələsində olmayıb.

Bir sözlə, Azərbaycan klubları ləğv olunan qayda ilə üzləşdiyi 14 durumdan 10-dan qalib çıxıb. Özü də bunlardan üçü qrupa daşıyıbsa, dördü də müəyyən ilklə əlamətdar olub. Məğlubiyyətləri isə hardasa sıradan da hesab etmək mümkündür. Həmin illərdə səfər qolu qaydası olmasaydı, yazdığımız tarixlər əvəzinə əlavə vaxt oynamalı idik. Həmin 30 dəqiqənin, bəlkə də penaltilərin xeyrimizə olub-olmayacağı barədə isə heç kim və heç nə deyə bilməz.

Qeyd edək ki, “Qarabağ”ın “Makkabi” ilə dueli ilk, “Linfild”lə mübarizəsi isə səfər qolunun bizə təsir etdiyi sonuncu kimi futbol tariximizdə qalacaq.

mövsüm

turnir

oyun

ilk

cavab

1999/00

İK

Makkabi (Hayfa, İsrail) – Qarabağ

1:2

1:0

1999/00

ÇL

Sloqa Yuqomaqnat (Makedoniya) – Kəpəz

1:0

1:2

2004/05

ÇL

Şiroki Briyeq (Bosniya və Herseqovina) – Neftçi

2:1

0:1

2008/09

İK

Neftçi – Nitra (Slovakiya)

2:0

1:3

2008/09

ÇL

İnter – Rabotniçki (Makedoniya)

0:0

1:1

2010/11

AL

Olimpiya (Moldova) – Xəzər Lənkəran

0:0

1:1

2011/12

AL

Streymur (Farer adaları) – Qarabağ

1:1

0:0

2014/15

AL

Qarabağ – Tvente (Hollandiya)

0:0

1:1

2015/16

AL

Laçi (Albaniya) – İnter

1:1

0:0

2015/16

AL

Neftçi – Mladost (Monteneqro)

2:2

1:1

2015/16

AL

Qəbələ - Panatinaikos (Yunanıstan)

0:0

2:2

2016/17

ÇL

Viktoriya (Çexiya) – Qarabağ

0:0

1:1

2017/18

ÇL

Qarabağ – Kopenhagen (Danimarka)

1:0

1:2

2019/20

AL

Linfild (Şimali İrlandiya) - Qarabağ

3:2

1:2

ÇL – Çempionlar Liqası, AL – Avropa Liqası, İK – İntertoro kuboku

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR